Icma.az, Modern.az saytına istinadən bildirir.
Bakıda ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsi və yol təhlükəsizliyinin artırılması məqsədilə avtobuslar üçün xüsusi işıqforların quraşdırılması planlaşdırılır.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Layihə paytaxtda ilk dəfə həyata keçiriləcək.
Xüsusi işıqforların tətbiqinin hansı üstünlüklər yaradacağı ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Modern.az-a danışıb.
Ekspertin sözlərinə görə, avtobuslar üçün xüsusi zolaqların yaradılması ilə yanaşı, ictimai nəqliyyatın hərəkətini asanlaşdıran əlavə layihələrin də həyata keçirilməsi vacibdir. Bu baxımdan xüsusi işıqforların quraşdırılması vaxt itkisini azaltmaq və təhlükəsizliyi artırmaq baxımından müsbət addımdır.
O bildirib ki, avtobuslar üçün zolaqların təşkili ilə iş yekunlaşmır, bu nəqliyyat vasitələrinin hərəkətini tənzimləyən digər mexanizmlərə də ehtiyac var:
“Avtobuslar üçün xüsusi zolaqların təşkili, yolların salınması və müvafiq prosedurların həyata keçirilməsi bir sıra layihələri zəruri edir. Çünki yalnız xüsusi zolaq yaratmaqla iş tamamlanmır. Bu istiqamətdə əlavə addımlar atılmalıdır. Onlardan biri də xüsusi işıqforların quraşdırılmasıdır”.
A.Əsədovun fikrincə, avtobusların hərəkətinə mane olan amillər araşdırılmalı və onların aradan qaldırılması üçün müvafiq həll yolları tapılmalıdır. Xüsusi işıqforların tətbiqi digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmaq məqsədi daşımır. Əksinə, bu sistem avtobusların öz zolaqları üzrə hərəkətini daha dəqiq tənzimləməyə xidmət edəcək:
“İnsanlarda belə bir fikir yarana bilər ki, avtobuslar üçün xüsusi işıqforların quraşdırılması digər hərəkət iştirakçılarına çətinlik yaradacaq. Lakin məqsəd bu deyil. Həmin işıqforlar avtobusların öz zolaqları üzrə hərəkətini nizamlamaq üçündür. Avtobusların hərəkət qrafiki, vaxtı və istiqamətləri nəzərə alınmaqla işıqforların fəaliyyəti tənzimlənəcək”.
Qeyd edək ki, xüsusi işıqforun paytaxtın Səbail rayonu ərazisində, Üzeyir Hacıbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsində quraşdırılması nəzərdə tutulur. Layihəyə əsasən, mövcud “L” formalı dirəkdə “T” formalı, ağ-sarımtıl rəngli dörd dairəvi siqnalı olan xüsusi işıqfor yerləşdiriləcək.