Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeyri-adi mənzərə ilə rastlaşmaq mümkündür. Belə ki, Sakit Qocayev küçəsində piyada keçidini bildirən yol nişanı başıaşağı vəziyyətdədir.
Lent.az APA TV-yə istinadən xəbər verir ki, çəkiliş qrupu məsələnin səbəbini öyrənmək üçün sözügedən əraziyə üz tutub.
Məlum olub ki, artıq bir həftədən çoxdur yol nişanı bu vəziyyətdə qalıb. Sakinlərin bəziləri isə nişanın elə ilk gündən tərs quraşdırıldığını iddia edirlər.
Bəs yol nişanı niyə başıaşağıdır və bu problem indiyədək niyə aradan qaldırılmayıb?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edilib. Qurumdan bildirilib ki, nişan güclü külək və ya kənar müdaxilə nəticəsində bu vəziyyətə düşmüş ola bilər. Problemin aradan qaldırılacağı qeyd edilsə də, bunun nə vaxt baş tutacağı açıqlanmayıb.
Ümid edək ki, həm sürücüləri, həm də piyadaları çaşdıran yol nişanı tezliklə əvvəlki vəziyyətinə qaytarılacaq.