Bakıda Beynəlxalq Türk dili və Ədəbiyyatı Simpoziumu

09.10.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünən Azərbaycan Dillər Universitetində Türkoloji Qurultayın və Türkiyənin Qazi Universitetinin 100 illiyi, ADU-nun 80 illiyi münasibətilə IV Beynəlxalq Türk dili və Ədəbiyyatı Tədrisi Simpoziumunun açılış mərasimi keçirildi.

ADU-nun rektoru, akademik Kamal Abdulla toplantının əhəmiyyətini qeyd edərək bildirdi ki, türk dili və ədəbiyyatının tədrisi məsələlərinə həsr olunan belə beynəlxalq elmi məclislər müxtəlif ölkələrin alim və tədqiqatçıları arasında əlaqələrin inkişafına, fikir və təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verir. Budəfəki simpoziuma da maraq böyükdür. Dünyanın bir sıra ölkələrindən olan alimlər, gənc tədqiqatçılar və mütəxəssislər elmi araşdırmalarını təqdim etmək, bilik və təcrübələrini bölüşmək, həmçinin qarşılıqlı əməkdaşlıq imkanlarını genişləndirmək imkanı qazanıblar.

Türk Mədəniyyəti Araşdırmaları İnstitutunun rəhbəri, professor Əhməd Bican Ərcilasun çıxışında simpoziumun türk dili və ədəbiyyatının müxtəlif ölkələrdə öyrənilməsi və tədrisinin inkişafı baxımından əhəmiyyətini vurğuladı. Professor bildirdi ki, Türk dünyasının müxtəlif coğrafiyalarından alim və tədqiqatçıların bir araya gəlməsi ortaq elmi və mədəni dəyərlərin daha dərindən araşdırılmasına, mövcud tədqiqatların inkişaf etdirilməsinə və yeni elmi istiqamətlərin müəyyənləşdirilməsinə töhfə olacaq. Simpozium Azərbaycan və Türkiyə alimləri arasında elmi əlaqələrin möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir. ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, professor İsmət Çətin, BSU-nun rektoru Anar Nağıyev, Yunus Əmrə İnstitutunun Azərbaycan üzrə nümayəndəsi Gökxan Seyxan, Qazi Universitetinin türk dili və ədəbiyyatı bölməsinin professoru Xəlil Çəltik, İstanbul Universitetinin qədim yunan dili və ədəbiyyatı kafedrasının professoru Ərman Görən, AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və Varşava Universitetinin professoru Danuta Xmelyovska simpoziumda müzakirə ediləcək mövzuların əhəmiyyəti barədə fikirlərini bölüşdülər.

Çıxışlarda türk dili və ədəbiyyatının tədrisi ilə bağlı aparılan elmi araşdırmalar, müasir təlim metodlarının tətbiqi və beynəlxalq təcrübə mübadiləsinin əhəmiyyəti diqqətə çatdırıldı.

Məclis öz işini bölmə iclasları ilə davam etdirdi.

Ləman TƏHMƏZ,
Rauf İBRAHİMOV (foto)
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью