Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avtomobillərin hərəkəti ilə bağlı yeni ödəniş mexanizminin tətbiqi nəzərdə tutulur. Belə ki, paytaxtın müəyyən ərazilərinə nəqliyyat vasitəsi ilə daxil olan sürücülərdən xüsusi haqq tutulacaq.
Moderator.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Avtomobil yolları haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb.
Təklif olunan dəyişikliyə əsasən, Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları müəyyən ediləcək. Həmin ərazilərə daxil olan nəqliyyat vasitələri üçün tətbiq olunacaq ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək. Toplanan vəsait dövlət büdcəsinə köçürüləcək.
Qanun layihəsində sərnişindaşıma sektoruna dövlət dəstəyi ilə bağlı yenilik də nəzərdə tutulub. Belə ki, müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılara məsafə əsaslı avtomobil nəqliyyatı xidmətlərinin göstərilməsinə görə subsidiya ayrılması təklif olunur.
Subsidiya dövlət büdcəsi hesabına maliyyələşdiriləcək. Onun verilməsi qaydası isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdiriləcək.
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor