Bakıda bəzi küçələr yalnız avtobuslara verilə bilər Vacib AÇIQLAMA

26.11.2026

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Bakıda avtobusların hərəkətini sürətləndirmək məqsədilə xüsusi svetofor tətbiq olunub. Yeni svetofor avtobuslara digər nəqliyyat vasitələrindən fərqli olaraq hərəkət üstünlüyü verməklə onların yollarda vaxt itkisinin azaldılmasına xidmət edir.

Bəs bu yenilik ictimai nəqliyyatın fəaliyyətinə necə təsir edəcək? Avtobusların svetofor qarşısında gözləmə müddətini azaltmaq mümkün olacaqmı?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Azər Quliyev bildirdi ki, bu cür svetoforlara ehtiyac var idi:

"Gəlin, həmin svetoforun nəyə lazım olduğunu izah edim. T-şəkilli svetoforun tələbi birmənalı şəkildə tramvaylara, trolleybuslara və xüsusi ayrılmış zolaqda hərəkət edən trolleybus və avtobuslara aiddir. Əgər müvafiq nişan qoyulubsa, lakin yolda avtobus zolağı yoxdursa, ümumi istifadədə olan avtobuslar həmin svetofora baxmırlar. Yolda avtobus zolağı varsa, o svetofor həmin avtobuslar üçündür. Gələcəkdə tramvay xətti salınarsa, tramvaylar da həmin svetofordan istifadə edəcəklər. Svetoforun istiqaməti də belə müəyyənləşdirilir: yuxarıda üfüqi vəziyyətdə yerləşdirilmiş üç siqnal istiqaməti göstərir, aşağıda şaquli formada yerləşdirilən siqnal isə hərəkətə icazə verir. Bəzən yol boyunca svetoforda qırmızı işıq yanır. Bu halda bütün nəqliyyat vasitələri, o cümlədən avtobuslar, velosipedlər və avtomobillər həmin siqnala əməl etməlidirlər".

Ekspert xüsusi svetoforun tətbiqinin zəruriliyini izah edərkən avtobusların mövcud yol hərəkəti qaydaları çərçivəsində üzləşdiyi vəziyyətə də diqqət çəkdi. Onun sözlərinə görə, bəzi hallarda avtobusun hərəkətini davam etdirməsi üçün heç bir maneə olmasa da, ümumi svetoforun siqnalı buna imkan vermir:

"Baxırsan ki, avtobusun sağa dönməsi və ya düzünə getməsi üçün heç bir problem yoxdur. Avtobus hərəkət edə biləcəyi halda niyə gözləməlidir? Qırmızı işıq ona görə yanır ki, digər istiqamətdən yaşıl siqnalla hərəkət edən avtomobillər də yoluna davam edə bilsinlər. Növbə onlardadır. Svetoforun məqsədi hərəkəti növbəlilik əsasında tənzimləməkdir. Belə olan halda avtobus da boş yerə gözləyir. Halbuki qarşısındakı zolaq boşdur və avtobus hərəkətini davam etdirə bilər. Bu zaman başqa bir siqnala ehtiyac yaranır ki, avtobusun hərəkətinə icazə verilsin, digər nəqliyyat vasitələri isə gözləsin. Axı avtobus sərnişin daşıyır. Onsuz da tıxac, ləngimə və dayanacaqlarda dayanma səbəbindən sərnişinlər mənzil başına gec çatırlar. Avtobusların zolağı boş olsa belə, dayanacaqlarda dayanması onların birbaşa hərəkət etməsinə imkan vermir. Ona görə də avtobuslar üçün fərqli siqnal tətbiq olunur".

Azər Quliyev xüsusi svetoforun iş prinsipinə də aydınlıq gətirdi. Onun sözlərinə görə, avtobuslara hərəkət imkanı yaradılarkən digər istiqamətlərdən gələn nəqliyyat vasitələri ilə toqquşma riskinin qarşısı alınır:

"Bir avtobusa hərəkət imkanı vermək üçün təxminən iki-üç saniyə vaxt ayrılır. Bu müddətdə avtobus hərəkət edir, digər nəqliyyat vasitələri gözləyir, daha sonra isə avtomobillərin hərəkəti bərpa olunur. Bu, avtobusların svetofor qarşısında yersiz gözləməsinin qarşısını müəyyən mənada alacaq. Amma avtobusların şəhərdaxili sərnişindaşıma xidmətindəki bütün problemlərinin bu svetoforla həll olunacağını deyə bilmərik. Bu svetofor hələlik yalnız Üzeyir Hacıbəyli küçəsi ilə Azadlıq prospektinin kəsişməsində nümunə kimi quraşdırılıb. Məqsəd onun necə işlədiyini və nə dərəcədə fayda verdiyini yoxlamaqdır. Əgər effektiv olduğu müəyyənləşsə, bir neçə başqa yerdə də tətbiq olunacaq".

Ekspert hesab edir ki, xüsusi svetofor avtobusların hərəkətində müəyyən rahatlıq yaratsa da, ictimai nəqliyyatın gecikməsinin əsas səbəblərindən biri avtobus zolaqlarının azlığıdır. O, bu problemin həlli üçün şəhərdə avtobus zolaqlarının genişləndirilməsinin vacibliyini vurğuladı:

"Lakin avtobusların gecikməsinin əsas səbəblərindən biri avtobus zolaqlarının azlığıdır. Şəhərdə avtobus zolaqlarının sayı artsa, insanların rahat hərəkəti də təmin olunar. Amma bütün yollarda avtobus zolağı salmağın mümkün olduğunu deyə bilmərik.

İmkanlar məhduddur, avtobus zolaqlarının ümumi uzunluğu da kifayət qədər deyil. Velosiped zolaqlarının uzunluğu isə 38 kilometrə çatır. Ancaq bu göstəricini də artırmaq mümkün olmur, çünki bəzi yollarda bunun üçün kifayət qədər yer yoxdur. Yol avtobus və ya velosiped zolağının salınmasına imkan vermir. İki zolaqlı yolda onlardan biri avtobuslar üçün ayrılsa, digər zolaqda sıxlıq yaranacaq".

Azər Quliyev çıxış yolu kimi Bakı şəhərinin yol infrastrukturunun yenidən qurulmasını və şəxsi avtomobillərdən istifadənin azaldılmasını təklif edir. Onun fikrincə, ictimai nəqliyyatın daha cəlbedici olması üçün bəzi küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılmalı, həmin ərazilər avtobusların istifadəsinə verilməlidir:

"Ona görə də Bakı şəhərinin yolları yenidən qurulmalı, yaxud insanlar şəxsi avtomobillərdən imtina edərək piyada, mikromobillik vasitələri və ya ümumi istifadədə olan nəqliyyat vasitələri ilə hərəkət etməlidirlər. Ümumiyyətlə, bəzi küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılmalı, həmin küçələr yalnız avtobuslar üçün nəzərdə tutulmalıdır ki, insanlar ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər".

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью