“Bakıda böyük məscidlərin tikilməsinə ehtiyac var”

12.11.2026

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Paytaxt Bakıda cümə namazı vaxtı bəzi məscidlərin ətrafında sıxlıq yaranır, yollar bağlanır və tıxaclar olur. Bu da həm sürücülər, həm də ərazidə yaşayan insanlar üçün çətinlik yaradır.

Digər tərəfdən, cümə namazına gələnlərin sayı çox olduğundan bəzi məscidlərdə yer çatışmazlığı yaranır.

Bəs Bakıda məscidlərin sayı və böyüklüyü bu tələbatı qarşılamaq üçün kifayət edirmi? 

Dinşunas Tural İrfan Gununesi.info-ya açıqlamasında mövzunu belə şərh edib:

“İslam dinində cümə namazı vacib ibadətlərdən biridir. Həddi-büluğa çatmış, sağlam və səfərdə olmayan kişilər cümə namazında iştirak etməlidirlər. Xəstə və səfərdə olan şəxslər isə bu baxımdan istisna sayılır.

Cümə namazı ictimai ibadətdir. Bu namaz zamanı xütbə oxunur, müsəlmanlara dini hökmlər və tövsiyələr çatdırılır.

Bütün dünyada cümə günləri kütləvi ibadətlər keçirilir. Lakin Bakıda bu zaman yaranan sıxlığın əsas səbəblərindən biri məscidlərin kiçik olması və ərazi çatışmazlığıdır. Bu, dini deyil, şəhərin quruluşu ilə bağlı problemdir.

Bakı, Sumqayıt və Abşeron ərazisində, ümumilikdə, 7 milyona yaxın insan yaşayır. Onların böyük əksəriyyəti müsəlmandır. Buna görə də ibadət yerlərinin sayı və tutumu mövcud tələbatı qarşılamaq üçün kifayət etmir.

Məscidlərin bir çoxu təxminən 100 il əvvəl, əhalinin daha az olduğu dövrdə tikilib. Həmin vaxt üçün nəzərdə tutulan məscidlər indiki əhalinin tələbatını qarşılamaqda çətinlik çəkir. Buna görə də böyük tutumlu məscidlərin tikilməsinə ehtiyac var. Türkiyədə, Orta Asiya ölkələrində və digər müsəlman ölkələrində də əhalinin sıx yaşadığı ərazilərdə çoxsaylı ibadət yerlərinə ehtiyac duyulur.

Bakıda yeni tikilən məscidlərin də əksəriyyəti kiçikdir. Bunun əsas səbəblərindən biri şəhərdə boş torpaq sahələrinin az olmasıdır. Bir çox ərazilərdə artıq yaşayış binaları və ticarət mərkəzləri tikilib. Bu da böyük məscidlərin inşası üçün yer tapmağı çətinləşdirir.

Cümə günləri məscidlərin ətrafında yaranan sıxlıq və yolların bağlanması insanların gündəlik həyatına da təsir edir. Bu məsələdə həm şəhərsalma, həm də insanların davranışı nəzərə alınmalıdır. İbadət inanclı insanlar üçün vacibdir və yer çatışmazlığı onların ibadət imkanlarını məhdudlaşdırmamalıdır. Boş ərazilərdə böyük məscidlər tikilməli, insanlar həmin ibadət yerlərinə yönləndirilməlidir.

Digər tərəfdən, insanların cümə namazına əsasən şəxsi avtomobillərlə gəlməsi də tıxacların yaranmasına səbəb olur. Bəziləri avtomobillərini məscidlərin yaxınlığında saxlayaraq yolları daraldırlar. Bu da əlavə çətinliklər yaradır. İnsanlar bu məsələdə diqqətli olmalı, imkan daxilində ictimai nəqliyyatdan istifadə etməlidirlər.

Düşünürəm ki, problemin əsas həlli boş ərazilərdə cümə namazı üçün böyük məscidlərin tikilməsidir. Çünki məscidlərimizin çoxu məhəllə məscidləridir və əsasən gündəlik namazlar üçün nəzərdə tutulub. Cümə namazında isə daha çox insan iştirak edir. Buna görə də geniş ərazisi və böyük tutumu olan məscidlər tikilməlidir ki, insanlar ilin bütün fəsillərində rahat şəkildə birgə ibadət edə bilsinlər”.

Şəbnəm Rəhimova

Gununesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью