Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sentyabrın 15-də yeni tədris ilinin başlaması ilə Bakıda nəqliyyat sıxlığının artacağı gözlənilir.
Belə ki, sagird və tələbələrin məktəb və universitetlərə gediş-gəlişi, valideynlərin avtomobillərdən daha çox istifadə etməsi səhər və axşam saatlarında yollarda hərəkətin intensivliyini artıracaq.
Eyni zamanda, Bakı Şəhər Halqasının əhatə etdiyi küçələrdə tətbiq olunacaq hərəkət məhdudiyyətləri nəqliyyat yükünü daha da artıraraq alternativ yollarda əlavə sıxlıq yarada bilər.
Bəs sentyabrın 15-də paytaxt yollarında hansı mənzərə gözlənilir və nəqliyyatın iflic vəziyyətinə düşməməsi üçün hansı qabaqlayıcı tədbirlər görülməlidir?
Nəqliyyat eksperti Yasin Mustafayev “Cebheinfo.az”-a bildirib ki, çox ciddi çətinliklə qarşılaşacağıq:
“Gərək səbirli olaq və alternativ variantları düşünək. Hazırda metroda aparılan işlərlə bağlı “Nizami” və “28 May” metrostansiyaları arasındakı yol bağlı olduğu üçün bu istiqamətdə gələn sərnişinlər alternativ vasitələrdən istifadə edəcəklər.
Yəni fərdi nəqliyyat vasitəsindən, avtobuslardan, taksidən. Ümumiyyətlə, bu vəziyyət təkcə bu istiqamətə yox, şəhərin hər bir yerinə mənfi təsir göstərəcək.
Müəyyən müddət bu əziyyəti çəkmək məcburiyyətindəyik. Metroda xətlərin ayrılması da vacib məsələdir. Çünki o da olmasa, metronu inkişaf etdirə bilmərik.
Burada əsas güc vətəndaşların üzərinə düşür. Çünki bir vaqon təxminən 15-20 avtobus qədər sərnişin götürə bilir. Üç dəqiqədə bir qatarın gəlməsini nəzərə alsaq, bu, yüzlərlə avtobus deməkdir. Bu da çox ağır vəziyyətdir.
Bu baxımdan tədbirlər görülür, ekspress avtobuslar təyin edilib, mövcud avtobusların sayı artırılıb. Amma yenə də sərnişinlər əziyyət çəkməli olacaqlar və məcbur planlarını da buna uyğun qurmalıdırlar.
Biz həmişə deyirik ki, məktəb və iş yeri seçərkən, kirayə ev axtararkən bunların yaxın yerdə olmasına üstünlük verməliyik. Çünki biz meqapolisdə yaşayırıq və belə çətinliklərlə hər zaman qarşılaşacağıq.
Ona görə şəhər yerində iş yeri, məktəb, bağça – hər birinin bir-birinə yaxın olması daha məsləhətlidir. Eyni zamanda, mikromobillikdən istifadə etmək mümkündürsə, ondan istifadə etsinlər”.
Ekspert qeyd edib ki, metronun “Həzi Aslanov" stansiyasından “28 May” və ya "Dərnəgül" istiqamətindən “Nizami” stansiyasına doğru hərəkət xətti arasıdakı bu qopma böyük problem yaradacaq.
Aişə
“Cebheinfo.az”
Açar sözlər: tıxaclar Yasin Mustafayev
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin