Bakıda bu avtobuslar yenilənəcək Sərnişinlərə şad xəbər/VİDEO

29.01.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Sərnişinlər 67 nömrəli avtobus xəttinin fəaliyyətindən narazıdırlar.

Bununla bağlı Globalinfo.az-a şikayət daxil olub.

Saytımıza müraciət edən Emil Abbasov bildirib ki, vətəndaşlara lazımi səviyyədə xidmət göstərilmir, sürücülərin əksəriyyəti öz vəzifələrinə laqeyd yanaşırlar:

“Avtobusu idarə edərkən telefonla danışmaları, siqaret çəkmələri, sürət həddini aşmaları sərnişinlərin təhlükəsizliyini risk altına alır. Bu kimi hallar tez-tez baş verir. Avtobuslar təyin olunan intervaldan xeyli gec gəlir. Bəzi sürücülər qulaqlıq və ya telefonla avtobus idarə edir, diqqətlərini yola deyil, şəxsi işlərinə yönəldirlər. Qulaqlıqdan istifadə etdikləri üçün sərnişinlərin “dayan” çağırışlarını eşitmir, lazımi yerdə saxlamır və başqa dayanacaqda saxlayırlar. Nəqliyyat vasitəsində oturacaqlar da bərbad vəziyyətdədir.

Xüsusilə qeyd etmək istəyirəm ki, həmin xəttdə çalışan yaşlı sürücülərdən biri saat 22:00-23:00-dan sonra ümumiyyətlə, son dayanacağa getmir və birbaşa qaraja yönəldiyini bildirir. Bir dəfə bu məsələ ilə bağlı iradımı bildirdikdə, “Bizə tapşırılıb ki, avtobusda bir nəfər qalanda qaraja gedin” cavabını verdi. Halbuki sərnişin ödəniş edib və xidmət almaq hüququna malikdir. Ən çox videodakı sürücü təhlükə yaradır”.

Məsələ ilə bağlı Azərbayacan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq. Qurumdan bildirildi ki, müraciətdən sonra daşıyıcıya marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi, hərəkət cədvəlinə və sxeminə riayət olunması, istismarında olan köhnə avtobusların müasir nəqliyyat vasitələri ilə əvəzlənməsi barədə tapşırıqlar verilib:

“Yaxın zamanda 67 nömrəli marşrutda istismar edilən avtobusların yeni nəqliyyat vasitələrilə əvəzlənməsi nəzərdə tutulur. Müntəzəm marşrut xətti üzrə sərnişin avtobusunu idarə edən sürücünün sükan arxasında telefondan istifadə etməsi qayda pozuntusu olmaqla yanaşı daşımaların təhlükəsizliyi baxımından da risk yaradır. Qeyd olunan qayda pozuntularına qarşı inzibati tənbeh tədbirinin görülməsi AYNA-nın səlahiyyətinə aid olmasa da, sözügedən marşrut xətti üzrə daşıyıcıya tərəfimizdən xəbərdarlıq edilib və sürücü barədə tədbir görülməsi ilə bağlı tapşırıq verilib”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью