Olke.az saytına istinadən Icma.az xəbər verir.
Gecədən başlayan güclü külək Bakıda növbəti dəfə fəsadlara yol açıb. Şəhərin bir sıra küçə və prospektlərində ağaclar kök hissədən zədələnib, bəzilərində isə aşma təhlükəsi yaranıb. Bu cür hadisələr Bakıda demək olar ki, hər güclü külək zamanı təkrarlanır. Belə hava şəraitində ağacların törədə biləcəyi riskləri minimuma endirmək üçün xidmət əməkdaşları avtosəbət vasitəsilə hündürlükdə işlər aparır. Nəticədə isə hansısa bir bədbəxt hadisənin baş verməsi an məsələsidir.
Bəs görəsən, zədəli və aşma təhükəsi olan, daima yüksək sürətli küləklər olan bir şəhərdə bu ağaclar niyə vaxtında budanmır?
Mövzu ilə bağlı Ölkə.Az-a danışan əmək təhlükəsizliyi üzrə ekspert Xəzər Rüstəmov bildirib ki, yerli icra orqanları şəhər ərazisində olan aşma, yıxılma kimi təhlükələri olan ağacları öncədən təyin etməli və ehtiyaca uygun şəkildə ya budanmalı və ya xususi avadanlıq vasitəsi ilə köklü şəkildə çıxarılaraq daha təhlükəsiz yerə köçürülməlidir:
"Belə olan halda küləkli hava şəraitində bu kimi məcburi işlərin icrasına da ehtiyac olmaz. Bütün işlərdə oldugu kimi, bu kimi işlərdə də önləyici tədbirlər önəmlidir. Nəzarət mexanizmi düzgün icra edilmir. Nəticədə bu kimi hallarla rastlaşırıq.
Əgər bir işçi hündürlükdə iş zamanı yıxılaraq həlak olarsa, birbaşa cavabdeh işəgötürən və işin təşkilinə cavabdeh vəzifəli şəxslərdir.
Yerli qanunvericiliklə müəyyən edilir ki, işəgötürən təhlükəsiz və sağlam iş şəraitini təmin etməyə borcludur və təhlükəli hava şəraitində (güclü külək) hündürlükdə işin dayandırılmaması və əməkdaşların işə cəlb edilməsi birbaşa pozuntudur. Nəticə etibari ilə həmin işçinin bağlı oldğu qurum, işəgötürən məsuliyyət daşıyır".
Həmidə İbrahimova