Bakıda “Chhath Puja” bayramı qeyd edilib

20.11.2026

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hindistanın Bakıdakı səfirliyi qədim bayramları olan "Chhath Puja"nın zəngin ənənələrini, ayinlərini və mədəni əhəmiyyətini tanıtmaq məqsədilə interaktiv tədbir təşkil edib.

 525.az xəbər verir ki, tədbirdə yerli Azərbaycan vətəndaşları və Azərbaycanda yaşayan Hindistan diasporunun nümayəndələri böyük həvəslə iştirak edərək bu bayramla bağlı mərasimlərlə tanış olub, onun ənənələrini yaxından öyrənmək imkanı əldə ediblər.

Tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar Hindistanı festivallar ölkəsi kimi səciyyələndirərək vurğulayıb ki, bu bayramlar yalnız şənlik və qeydetmə mərasimləri deyil, həm də ölkənin sivilizasiya irsinin və əbədi dəyərlərinin təzahürüdür. "Chhath Puja"nın əhəmiyyətindən bəhs edən səfir qeyd edib ki, bu bayram Günəş Tanrısı Surya Devə və onun bacısı Çhathi Mayyaya həsr olunub və həyatın, eləcə də yaşayışın mənbəyi olan təbiətə minnətdarlığı simvolizə edir. 

O, bayramın dörd gün davam edən mərasimlərində əks olunan yüksək intizamı, sədaqəti və sadəliyi, xüsusilə ciddi orucu və batan, eləcə də doğan Günəşə Arqya verilməsi ənənəsini xüsusi vurğulayıb. Səfir, həmçinin qeyd edib ki, Hindistan diasporunun dünyanın müxtəlif ölkələrində mövcudluğu sayəsində "Chhath Puja" coğrafi sərhədləri aşaraq getdikcə daha geniş şəkildə qeyd olunur və özündə minnətdarlıq, ətraf mühitə həssas münasibət və təbiətlə harmoniyanı ehtiva edən ümumbəşəri mesajı bütün dünyaya çatdırır.

Tədbir çərçivəsində "Chhath Puja"ya həsr olunmuş qısametrajlı sənədli film nümayiş etdirilib. Filmdə bayramın müxtəlif aspektləri, əhəmiyyəti və qeyd olunmasının ayrı-ayrı mərhələləri əks olunub. Həmçinin dünyanın müxtəlif ölkələrində keçirilən "Chhath Puja" mərasimlərindən görüntülər təqdim edilərək bayramın qlobal miqyasda artan populyarlığı diqqətə çatdırılıb.

Proqram Hindistan diasporunun nümayəndələri tərəfindən ifa olunan nəğmələr və bhacanlardan (bhajan) ibarət rəngarəng musiqi çıxışları ilə davam edib. İfaçılar tamaşaçılara xoş anlar yaşadaraq tədbirin bayram ab-havasını daha da zənginləşdiriblər. Hindistan mətbəxinin müxtəlif ləziz təamlarının təqdim olunduğu ziyafət isə axşama xüsusi rəng qataraq proqramın səmimi və xoş atmosferdə başa çatmasını təmin edib.

Pərvanə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью