Bakıda dayanma durma problemi böyüyür mütəxəssisdən HƏLL TƏKLİFİ

19.06.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Milli Məclisin iclasında bir sıra deputatlar yollardakı problemlərlə bağlı çıxış ediblər. Millət vəkili Məlahət İbrahimqızı xüsusilə vurğulayıb ki, Bakıda taksi sürücüləri minib-düşmə, dayanma-durma ilə bağlı çox əziyyət çəkirlər. Onun sözlərinə görə, bu vəziyyətdən vətəndaşlar da təsirlənirlər.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında sürücülük üzrə mütəxəssis Azər Quliyev bildirdi ki, dayanma-durma ilə bağlı çətinlikləri təkcə taksi sürücüləri deyil, digər sürücülər də yaşayırlar:

“Fərz edək ki, rayondan gələn bir vətəndaş xəstəxanaya, məktəbə və ya universitetə çatmaq istəyir. Ona cəmi bir dəqiqəlik avtomobili saxlamaq kifayət edir. Lakin həmin bir dəqiqə üçün belə yer tapa bilmir. Parklanma yerləri dolu olur, boş yer axtarmaq üçün isə lazım olan ünvandan kilometrlərlə uzaqlaşmalı olur. Nəticədə boş yer tapır, avtomobili saxlayır və cəmi bir dəqiqəlik iş üçün piyada geri qayıtmağa məcbur olur. Eyni problem taksi sürücüləri üçün də aktualdır. Bununla bağlı bəzi ərazilərdə xüsusi dayanma-durma yerləri yaradılıb. Düzdür, qanunvericilikdə ayrıca “dayanma-durma məntəqəsi” anlayışı yoxdur, sadəcə olaraq müəyyən ərazilər bu məqsədlə ayrılıb. Bu ərazilər əsasən avtobus zolaqlarının bəzi hissələrində və ya digər uyğun yerlərdə təşkil olunub. Bu, müsbət yanaşmadır. Lakin dayanma-durma məntəqələri demək olar ki, hər küçədə olmalıdır. Problemin əsas həll yollarından biri məhz budur. Belə məntəqələr küçələrin uyğun hissələrində yaradılmalı və onların yerləşdiyi nöqtələr taksi şirkətlərinin sistemlərinə inteqrasiya edilməlidir. Müştəri taksi sifariş edərkən həmin nöqtəyə yaxınlaşmalı, taksini də məhz oraya çağırmalıdır. Belə bir sistem formalaşdırılmalıdır. Çünki hazırda sərnişinlərin əksəriyyəti istədikləri yerdə düşmək və ya minmək istəyirlər ki, bu da əlavə problemlər yaradır”.

O əlavə etdi ki, digər çıxış yolu isə avtobus zolaqlarından dayanma-durma məqsədilə istifadəyə müəyyən hallarda icazə verilməsidir:

“Dünyanın bir çox ölkəsində avtobus zolaqları qırıq xətlə ayrıldığı hallarda digər nəqliyyat vasitələri, avtobusların hərəkətinə mane olmamaq şərti ilə, həmin hissədə sərnişin mindirib-düşürə bilirlər. Bizdə isə avtobus zolaqlarından yalnız sağa dönmək, müəyyən obyektlərə giriş etmək və bəzi hallarda parklanma sahələrinə daxil olmaq üçün istifadə etməyə icazə verilir. Əslində, bu mexanizmin daha da genişləndirilməsi mümkündür. Avtobus zolaqlarında müəyyən hissələr qırıq xətlə ayrılmalı və sırf dayanma-durma üçün nəzərdə tutulmalıdır ki, taksilər və digər sürücülər həmin imkanlardan yararlana bilsinlər. Məsələn, yay aylarında çox sayda insan Dənizkənarı Bulvara taksi ilə gəlmək istəyir. Hamı bilir ki, Neftçilər prospektinin sağ hissəsində avtobus zolağı yerləşir. Əgər həmin zolağın müəyyən hissələri qırıq xətlə ayrılarsa və orada “dayanma-durma qadağandır” nişanı olmazsa, taksilər və digər sürücülər avtobusların hərəkətinə mane olmadan sərnişinləri rahat şəkildə mindirib-düşürə bilərlər. Bunun üçün əlavə böyük infrastruktur layihələrinə ehtiyac yoxdur. Qonşu ölkələrin təcrübəsinə baxdıqda görürük ki, bəzi hallarda taksilərin avtobus zolaqlarından istifadəsinə də icazə verilir və onlara müəyyən üstünlüklər tanınır. Əgər bizdə belə bir imkan nəzərdə tutulmursa, heç olmasa taksilər və digər sürücülər üçün kifayət qədər dayanma-durma yerləri yaradılmalıdır”.

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью