Bakıda diplomatik fəallığın sirri nədir? İlqar Məmmədovdan maraqlı ehtimallar

25.11.2026

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

REAL Partiyasının sabiq sədri İlqar Məmmədov son günlər xarici ölkələrin yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfərlərinin intensivləşməsinə diqqət çəkib.

Gununsesi.info xəbər verir ki, o, son bir həftə ərzində Almaniya, İtaliya, Gürcüstan, Monteneqro və Litvanın xarici işlər nazirlərinin, eləcə də ABŞ-nin daxili təhlükəsizlik nazirinin Bakıya səfər etdiyini bildirib.

İlqar Məmmədov bu səfərlərin səbəbləri ilə bağlı bir sıra ehtimallar irəli sürüb.

Onun fikrincə, səfərlərin intensivləşməsi Azərbaycanın dekabrın əvvəlində bir il müddətinə ATƏT-ə sədrlik etməsi ilə əlaqəli ola bilər.

Siyasətçi ehtimal edib ki, bu çərçivədə ilin sonunda əfv qərarı və bəzi siyasi məhbusların azadlığa buraxılması məsələsi də müzakirə oluna bilər.

Onun qənaətincə, belə bir addım ATƏT-ə üzv dövlətlərə Azərbaycanın sədrliyini beynəlxalq insan haqları təşkilatları qarşısında əsaslandırmaq imkanı verə bilər.

İlqar Məmmədov səfərlərin İran ətrafında yaranmış gərginliklə bağlı olması ehtimalına da toxunub. Lakin neftin qiymətində paralel artımın müşahidə edilməməsini bu versiyanı şübhə altına alan məqam kimi qiymətləndirib.

O, yaxın aylarda dünya bazarında qazın qiymətinin bahalaşacağı ilə bağlı gözləntilərin də səfərlərin coğrafiyasını müəyyən qədər izah edə biləcəyini qeyd edib.

Siyasətçi sonda diplomatik səfərlərin bu qədər qısa müddətdə intensivləşməsinin qeyri-adi olduğunu vurğulayaraq, proseslərin hansı istiqamətdə inkişaf edəcəyinin maraq doğurduğunu bildirib.

Elmar
Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью