Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
FİFA U-15 Azərbaycanın idman tarixinə daha bir ilk yazır
Bakıda ilk dəfə keçirilən FIFA U-15 Dünya çempionatı beynəlxalq əlaqələrinin genişləndirilməsi, gənc istedadların üzə çıxarılması və gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi, ölkəmizdə futbolun inkişafı üçün yaradılan imkanların dəyərləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Futbol haqqında danışarkən diqqət, adətən, böyük klublara, tanınmış futbolçulara və beynəlxalq turnirlərdə qazanılan uğurlara yönəlir. Halbuki futbolun gələcəyini müəyyən edən proseslər daha erkən yaşlardan başlayır. Bu gün yeniyetmə komandalarında çıxış edən futbolçular sabah milli komandaların əsas heyətini formalaşdıra, beynəlxalq klubların diqqətini cəlb edə bilərlər.
FIFA-nın etimadı və Azərbaycanın imkanı
FIFA U-15 Dünya çempionatının Azərbaycanda keçirilməsi beynəlxalq futbol qurumunun ölkəmizə göstərdiyi etimadın ifadəsi kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin 27 iyul 2026-cı il tarixli sərəncamında da turnirin Azərbaycanda təşkilinin futbolun inkişafına, ölkəmizin beynəlxalq idman nüfuzunun möhkəmlənməsinə və mötəbər yarışların təşkili sahəsində təcrübəsinin artırılmasına xidmət edəcəyi vurğulanıb. Sənəd, eyni zamanda, tədbirin yüksək səviyyədə təşkili üçün dövlət qurumları arasında zəruri işlərin əlaqələndirilməsini nəzərdə tutur.
Oktyabrın 24-də Bakı Kristal Zalında keçirilən açılış mərasimində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və FIFA prezidenti Canni İnfantino iştirak ediblər. Mərasimdən sonra dövlət başçısı Azərbaycan və Timor-Leste komandaları arasında keçirilən oyunu da izləyib. Açılış mərasiminə həsr olunmuş videoçarxın Prezidentin sosial media hesablarında paylaşılması tədbirə göstərilən diqqətin nümunəsidir.
Açılış mərasimində çıxış edən Baş nazirin müavini, Təşkilat Komitəsinin sədri Samir Şərifov FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndirib. O, turnirin qısa müddətdə və yüksək standartlara uyğun hazırlanmasında Prezident İlham Əliyevin dəstəyini xüsusi vurğulayıb. FIFA prezidenti Canni İnfantino isə yarışın futbol vasitəsilə dünyanı birləşdirən mühüm tədbir olduğunu qeyd edərək təşkilatçılara təşəkkürünü bildirib. Daha sonra o, sosial media hesabında Azərbaycan Prezidentinə, hökumətə, AFFA rəhbərliyinə və turnirin təşkilində iştirak edən hər kəsə minnətdarlığını bildirib.
Bu açıqlamalar turnirin beynəlxalq əhəmiyyətini və Azərbaycanın ev sahibi kimi üzərinə götürdüyü məsuliyyəti göstərir.
Uşaq futboluna qlobal meydan
U-15 yaş qrupu futbolçuların inkişafında mühüm mərhələlərdən biridir. Bu dövrdə texniki bacarıqlarla yanaşı, oyunçuların taktiki düşüncəsi, meydanda qərarvermə sürəti və komanda yoldaşları ilə qarşılıqlı anlaşması da formalaşır. Buna görə yeniyetmələrin beynəlxalq rəqabət şəraitində çıxış etməsi onların gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Bakıda keçirilən çempionat yerli futbolçulara fərqli futbol məktəblərini təmsil edən həmyaşıdları ilə qarşılaşmaq, müxtəlif oyun üslublarını öyrənmək və öz hazırlıq səviyyələrini qiymətləndirmək imkanı yaradır. Belə yarışlarda qazanılan təcrübə yalnız oyunların nəticələrindən ibarət deyil. Futbolçular rəqibin oyununu təhlil etməyi, çətin vəziyyətlərdə düzgün qərar verməyi və yüksək rəqabətə uyğunlaşmağı da öyrənirlər.
Azərbaycan millisinin turnirə Timor-Leste üzərində 6:0 hesablı qələbə ilə başlaması ölkə futbol ictimaiyyəti üçün sevindirici hadisə olub. Prezident İlham Əliyev oyundan sonra futbolçularla görüşərək onların çıxışını yüksək qiymətləndirib və qələbənin xalqımızı sevindirdiyini bildirib.
Dünya futbolunun tanınmış simaları Bakıda
Turnirin əhəmiyyətini artıran amillərdən biri də beynəlxalq futbol mütəxəssislərinin və tanınmış simaların Bakıya gəlməsidir. Kamerun millisinin və “Barselona”nın sabiq futbolçusu, hazırda Kamerun Futbol Federasiyasının prezidenti olan Samuel Eto'onun Azərbaycana səfəri yarışa beynəlxalq marağın göstəricilərindən biridir.
Digər mühüm hadisə FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Vengerin Bakıda məşqçilər üçün ustad dərsi keçməsi olub. Azərbaycan klublarının və milli komandalarının məşqçilərinin iştirak etdiyi görüşdə futbol akademiyalarının fəaliyyəti, böyük komandaların iş prinsipləri və müasir məşqçilik yanaşmaları ilə bağlı məsələlər müzakirə edilib. Tədbirdə iştirak edən Azərbaycanın sabiq baş məşqçisi Arif Əsədov Vengerin öz təcrübəsini bölüşdüyünü və turnirin təşkilatçılığından razı qaldığını bildirib.
Belə görüşlərin əhəmiyyəti yalnız tanınmış mütəxəssislərlə bir araya gəlməkdən ibarət deyil. Əsas məsələ beynəlxalq təcrübənin yerli məşqçilik sistemində necə tətbiq olunacağıdır. Futbolçu yetişdirmək üçün istedadı aşkar etmək kifayət etmir. Məşq prosesinin düzgün təşkili, oyunçuların yaş xüsusiyyətlərinin nəzərə alınması, müasir taktiki yanaşmaların mənimsənilməsi və fərdi inkişafın mütəmadi izlənilməsi də vacib şərtlərdəndir.
Bu baxımdan Arsen Vengerin ustad dərsi turnirin Azərbaycan futboluna verə biləcəyi əlavə töhfələrdən biri kimi qiymətləndirilə bilər. Belə tədbirlər davamlı təlim və təcrübə mübadiləsi ilə müşayiət olunarsa, onların təsiri daha geniş və uzunmüddətli olar.
Uşaq futboluna açılan böyük qapı
AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun turnirlə bağlı açıqlaması da diqqətəlayiq məqamlardandır. O, Azərbaycan yeniyetmələrinin böyük potensiala malik olduğunu, onların üzərində sistemli işləməklə gələcəkdə güclü futbolçular yetişdirməyin mümkünlüyünü bildirib. Sadıqovun fikrincə, Dünya çempionatı gənc oyunçuların Avropa və dünya futbolunda tanınması üçün tramplin rolunu oynaya bilər. Onun sözlərinə görə, müxtəlif ölkələrdən olan skautlar qarşılaşmaları izləyir, perspektivli futbolçular barədə qeydlər aparırlar.
Beynəlxalq turnirdə uğurlu çıxış etmək gənc futbolçuların daha geniş futbol mühitində tanınmasına şərait yarada bilər. Bununla belə, skautların diqqətini cəlb etmək hələ uğurlu peşəkar karyeraya zəmanət vermir. Bunun üçün futbolçuların sonrakı inkişafı, müntəzəm oyun təcrübəsi, keyfiyyətli məşq şəraiti və düzgün istiqamətləndirilməsi vacibdir.
AFFA rəhbərliyinin milli komandamızın oyunlarını izləməsi, futbolçuların çıxışı və Hövsan Yarış Kompleksində yaradılan şəraitlə maraqlanması da turnirin həm təşkilati, həm də idman baxımından əhəmiyyətini göstərir.
Bununla yanaşı, gənc futbolçuların potensialını üzə çıxarmaq üçün yalnız beynəlxalq yarışlara güvənmək olmaz. Yerli liqalar, futbol akademiyaları, regionlardakı futbol məktəbləri və məşqçilərin hazırlanması vahid inkişaf sisteminin tərkib hissələri olmalıdır. Məhz bu istiqamətlərdə görülən ardıcıl işlər beynəlxalq turnirlərdə əldə olunan təcrübənin davamlı nəticələrə çevrilməsinə imkan verər.
Hövsan kompleksi və gələcək məsuliyyət
Turnirin Azərbaycan üçün mühüm tərəflərindən biri də Hövsan Yarış Kompleksində yaradılan şəraitdir. FIFA prezidenti Canni İnfantino, Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf yarışın ilk günündə kompleksi ziyarət edərək burada yaradılmış imkanlarla tanış olublar. Kompleksdə çoxsaylı qarşılaşmaların keçirilməsi üçün şəraitin yaradılması beynəlxalq turnirlərin təşkilində idman infrastrukturunun rolunu bir daha göstərir.
Müasir futbol meydançaları və keyfiyyətli məşq şəraiti futbolun inkişafı üçün vacibdir. Ancaq əsas məsələ bu imkanlardan turnirdən sonra necə istifadə olunacağıdır. Əgər kompleks yeniyetmə komandalarının hazırlığına, futbol akademiyalarının fəaliyyətinə, məşqçi seminarlarına və yeni istedadların aşkar edilməsinə xidmət edərsə, onun faydası bir həftəlik yarışın hüdudlarını aşar.
Eyni zamanda, futbolun inkişafı yalnız paytaxtla məhdudlaşmamalıdır. Regionlarda da idman növünün kütləviliyinin artırılması, uşaqların məşq şəraitinə çıxışının yaxşılaşdırılması və perspektivli oyunçuların vaxtında aşkar edilməsi uzunmüddətli inkişafın əsas şərtlərindəndir. Paytaxtda yaradılan imkanlarla yanaşı, regionlarda da futbol infrastrukturunun və uşaq futbolunun inkişafına diqqət yetirilməsi vacibdir.
Futbolun gələcəyinə qoyulan sərmayə
Bakıda keçirilən FIFA U-15 Dünya çempionatı Aərbaycan futbolunun gələcəyi barədə düşünmək üçün mühüm fürsətdir. Yarış ölkəmizə beynəlxalq futbol nümayəndələri ilə əlaqələri genişləndirmək, gənc oyunçulara rəqabət təcrübəsi qazandırmaq, məşqçilər arasında bilik mübadiləsini təşviq və mövcud infrastrukturun imkanlarını nümayiş etdirmək imkanı verir. Bunlar əhəmiyyətli üstünlüklərdir. Lakin onların real nəticəyə çevrilməsi üçün konkret və davamlı addımlar atılmalıdır.
Uşaq futbolunun kütləviliyinin artırılması, məşqçilərin peşəkar hazırlığının təkmilləşdirilməsi, regionlarda istedadların axtarışı və futbol akademiyalarının inkişafı qarşıda duran əsas vəzifələrdəndir. Yeniyetmə futbolçuların yalnız oyun nəticələrinə görə deyil, texniki, taktiki və fiziki inkişaf göstəricilərinə əsasən qiymətləndirilməsi də xüsusi əhəmiyyət daşıyır.
Böyük futbol uğurları qısa müddətdə əldə olunmur. Onların arxasında illərlə davam edən hazırlıq, düzgün seçim, peşəkar məşqçilik və davamlı rəqabət dayanır. Buna görə də, Bakının dünya futbolunun yeniyetmə nümayəndələrini qəbul etməsi yalnız bugünkü idman hadisəsi deyil, gələcək üçün də mühüm fürsətdir.
Azərbaycanın qarşısında duran əsas vəzifə bu fürsəti davamlı inkişaf mexanizminə çevirməkdir. Əgər turnirdən sonra daha çox uşaq futbola cəlb olunacaq, perspektivli futbolçuların inkişafına diqqət artırılacaq, məşqçilərin bilik və bacarıqları təkmilləşdiriləcək və yaradılmış infrastrukturdan səmərəli istifadə olunacaqsa, yarışın ölkəmizə verdiyi töhfə uzun illər hiss ediləcək.
R.TOĞRUL
XQ