Bakıda ƏN UCUZ TORPAQ haradadır? AÇIQLANDI

10.09.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Torpaq qiymətləri digər daşınmaz əmlak növlərində olduğu kimi sürətlə artdığı üçün insanlar daha münasib qiymətə, büdcələrinə uyğun torpaq sahələri almağa çalışırlar”.

Bunu Bakıvaxtı.az-a son illərdə daşınmaz əmlak bazarında qiymətlərin bahalığı səbəbindən vətəndaşların daha çox torpaq alıb ev tikməyə üstünlük verməsinə münasibət bildirən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

 Onun sözlərinə görə, mənzil qiymətləri hazırda kifayət qədər yüksəkdir. Eyni zamanda, qiymətlərin artım dinamikası da davamlı xarakter daşıyır. Bu səbəbdən yeni təsərrüfat qurmaq, ailə qurmaq və ev sahibi olmaq istəyən ailələr və gənclər daha çox fərdi ev tikməyə üstünlük verirlər:

"Ev tikmək istəyənlər, adətən, mənzil almaq üçün kifayət qədər maliyyə imkanına malik olmayan və daha aşağı büdcəli ailələrdir. Düzdür, daha çox ucuz evlər sonradan kommunikasiya problemlərinin yarandığı, su basan və əvvəllər qurudulmuş ərazilərdə inşa edilir. Bundan əlavə, həmin evlərin bir çoxu normativlərə uyğun şəkildə tikilmir. Buna görə də vətəndaşlar torpaq sahəsini özləri əldə edərək ev tikməyə üstünlük verirlər".

AQC sədri ucuz torpaq sahələrinin satıldığı ərazilərdən söz açıb:

"Nisbətən ucuz torpaq sahələrinə Qobu, Hövsan, Ramana, Maştağanın infrastrukturun kifayət qədər inkişaf etmədiyi hissələri, Müşfiqabad və Güzdək ərazilərində rast gəlinir. Bu ərazilərdə torpaq sahələrinin nisbətən ucuz olmasının əsas səbəblərindən biri infrastrukturun kifayət qədər inkişaf etməməsi və yeni məskunlaşan ərazilər olmasıdır. Bunlara Zirəni də əlavə edə bilərik. Son zamanlar qiymətlər bahalaşsa da, Binə ərazisini də qeyd etmək mümkündür".Vüqar Oruc: Daha çox ucuz evlər su basan və əvvəllər qurudulmuş ərazilərdə inşa edilir

Ekspert qeyd edib ki, vətəndaşlarımız daşınmaz əmlak məsələləri barədə kifayət qədər məlumatlı olmadıqları üçün ucuz torpaq sahəsi gördükdə onun təyinatına diqqət yetirmədən müraciət edirlər. Halbuki burada söhbət məhz yaşayış təyinatlı torpaqlardan gedir.

Müsahibimiz qeyd edib ki, yaşayış təyinatlı torpaqlar tikinti üçün uyğun ərazilərdir. Lakin bir çox hallarda bazara kənd təsərrüfatı təyinatlı torpaqlar da çıxarılır:

"Belə torpaqlarda tikinti aparmaq mümkün olsa da, sonradan həmin evlərə mülkiyyət sənədi almaq mümkün olmur. Çünki kənd təsərrüfatı təyinatlı torpağın üzərində yaşayış sahəsi salınmasına yol verilmir".

Günəş Mərd

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью