Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Bakıda kirayə mənzil bazarında təkliflərin azalması və tələbin artması qiymətlərin yüksək səviyyədə qalmasına gətirib çıxarır. Mövcud vəziyyət yalnız mövsümi tələbatla deyil, həm də tikinti həcminin ötən illə müqayisədə azalması və şəhərə daxili miqrasiyanın intensivləşməsi ilə əlaqədardır".
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.
Onun sözlərinə görə, kirayə mənzil bazarına müraciət edənlərin sayı təkcə tələbə adını qazanmış abituriyentlərin hesabına artmır:
"Regionlardan iş dalınca Bakıya gələn vətəndaşlar, xarici ölkə vətəndaşları, eləcə də iş yerini dəyişdiyi üçün yaşayış yerini yeniləmək məcburiyyətində qalan şəhər sakinləri də bu bazarda tələbi artırır.
Ötən illə müqayisədə diqqət çəkən məqamlardan biri də mövsümi tələbatın azaldığı avqust-sentyabr aylarından sonra kirayə qiymətlərində ciddi enişin qeydə alınmamasıdır. Əksinə, müxtəlif ərazilərdə qiymətlər ya sabit qalıb, ya da artımını davam etdirib. Hazırda da bazarda həm təklif qıtlığı, həm də yüksək qiymətlər müşahidə olunur.
Mənzil bazarında mövcud qiymət fərqləri ərazinin yerləşməsindən, infrastrukturundan və binanın vəziyyətindən asılıdır. Belə ki, nisbətən ucqar ərazilərdə kirayə mənzillərin aylıq qiyməti 300-400 manat arasında dəyişir. Orta infrastruktur səviyyəsinə malik ərazilərdə bu rəqəm 450-550 manat, yaxşı infrastrukturlu köhnə tikililərdə 600-650 manat, yeni tikililərdə isə 700-800 manat təşkil edir. Daha əlverişli ərazilərdə yerləşən və yüksək səviyyədə təmir olunmuş mənzillərin aylıq kirayə haqqı 900-1000 manat və daha yüksək məbləğə təklif edilir".
AQC sədri əlavə edib ki, Azərbaycan Mərkəzi Bankının 2026-cı ilin birinci yarısı üzrə hesabatında ölkə üzrə orta aylıq kirayə haqqı 917 manat göstərilib:
"Bu göstərici yalnız Bakı bazarını əhatə etməsə də, ötən ilin müvafiq dövrü ilə müqayisədə kirayə qiymətlərindəki fərqi və artım tendensiyasını nümayiş etdirir.
Hesab edirəm ki, Bakıda kirayə mənzil bazarında yaranmış vəziyyətə yalnız qiymət artımı kimi yanaşmaq düzgün deyil. Əsas problem real kirayə təklifinin tələbin artımına uyğunlaşa bilməməsidir. Şəhərdə kifayət qədər mənzil fondu mövcud olsa da, həmin mənzillərin bir hissəsi aktiv kirayə bazarına çıxarılmır. Onlar daha çox investisiya məqsədilə alınır və saxlanılır. Mənzil sahibləri illik qiymət artımını gəlir mənbəyi kimi qiymətləndirdiklərindən, həmin mənzilləri təmir etdirərək kirayəyə verməyə maraq göstərmirlər. Nəticədə mənzil fondu mövcud olsa da, bazarda əlçatan kirayə təkliflərinin sayı məhdud qalır. Bu isə qiymətlərin yüksək səviyyədə qorunub saxlanılmasına, bəzi ərazilərdə isə daha da artmasına şərait yaradır.
Mövcud vəziyyətin yumşaldılması üçün sosial kirayə mənzillərinin sayının artırılması da vacib addımlardan biri ola bilər. Xüsusilə, müəyyən müddətdən sonra mənzilin mülkiyyətə keçməsini nəzərdə tutan kirayə mexanizmləri üzrə təkliflərin genişləndirilməsi bazarda əlavə alternativlər yarada bilər. Belə mənzillərin sayı artdıqca kirayə bazarında rəqabət güclənər, qiymətlərin daha sağlam şəkildə tənzimlənməsinə və mənzilə ehtiyacı olan vətəndaşların yükünün azaldılmasına şərait yaranar.
Bununla yanaşı, yeni tikinti layihələrinin və mənzil təklifinin artırılması da uzunmüddətli perspektivdə bazardakı tələb-təklif balansının bərpasına kömək edə bilər".
Orxan Hüseyn