Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
"O gün az qalırdı ki, əsəbimdən ağlayam, 10 dəqiqəlik yolu, 3 saata keçə bilmirdim, ayağım da əməliyyatlıdır deyə, düşüb piyada gedə bilmirdim".
Dünən ictimai nəqliyyatda tıxacda qalan orta yaşlı qadının dediyi sözlər ətrafdakıların diqqətini çəkmişdi. Onun dedikləri əslində paytaxt sakinlərinin uzun müddətdir yaşadığı ümumi problemin ifadəsi idi.
Bakı küçələrində müşahidə olunan nəqliyyat sıxlığı artıq təkcə hərəkətə deyil, insanların gündəlik həyatına da ciddi təsir göstərir.
Səhər saatlarında işə və ya təhsilə tələsən, axşam isə evlərinə qayıtmağa çalışan minlərlə insan günün müəyyən hissəsini yollarda keçirmək məcburiyyətində qalır. Xüsusilə pik saatlarda yaranan sıxlıq vətəndaşların vaxt itkisinə səbəb olur, onların fiziki və psixoloji yorğunluğunu artırır. Uzun müddət tıxacda qalmaq sürücülərdə və sərnişinlərdə stress, əsəbilik və gərginlik yaradır.
Küçələrdə yaranan və illərdir davam edən bu vəziyyət bəzən insan ağlı, dərki və məntiqi ilə açıq-aşkar zarafat edir. Məsələn, iş qrafiki bitən kimi, axşam saat 19.00-da tələsik çıxan insanla, idarədə bir saat əlavə qalıb sıxlığın azalacağını düşünərək 20.00-da çıxan insan eyni vaxtda mənzil başına çatır. Bu paradoks sanki dünyanın bütün məlum fizika qanunlarına, zaman, sürət və məkan anlayışlarına acıq verir, onları tamamilə alt-üst edir. Şəhərin iflic olmuş, damarları tıxanmış nəqliyyat sistemi zamanın təbii axarını elə bir formada dəyişir ki, tez çıxmağın, planlı hərəkət etməyin heç bir üstünlüyü, mənası qalmır. Nəticədə hər kəs eyni çarəsizlik və vaxt itkisi nöqtəsində qeyri-iradi olaraq bərabərləşir.
Davamlı nəqliyyat sıxlığı yalnız hərəkət probleminə çevrilmir. Bu vəziyyət insanların həyat keyfiyyətinə, iş məhsuldarlığına və sosial münasibətlərinə də təsir göstərir. Yollarda keçirilən saatlar ailəyə, istirahətə və şəxsi inkişafa ayrılmalı olan vaxtın azalmasına səbəb olur.
Nəqliyyat sıxlığının digər nəticələrindən biri də insanların psixoloji vəziyyətində özünü göstərir. Gün ərzində uzun müddət tıxacda qalmaq yorğunluğu artırır, aqressiyanı yüksəldir və ümumi gərginlik yaradır. Bu isə cəmiyyətdə qarşılıqlı münasibətlərə və insanların gündəlik davranışlarına təsirsiz ötüşmür.
Bakıda son illərdə yol infrastrukturu və ictimai nəqliyyat sisteminin inkişafı istiqamətində müxtəlif addımlar atılsa da, artan avtomobil sayı və şəhərdaxili hərəkətin intensivliyi problemi tam həll etməyə imkan verməyib. Bu səbəbdən nəqliyyat sıxlığı hələ də paytaxtın problemlərindən biri olaraq qalır.
İsmayıl
Demokrat.az