futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
FIFA gənclər futbolunun inkişafı üçün inqilabi bir addım atır.
2025-ci ilin dekabrında Qətərin paytaxtı Dohada Qitələrarası Kubokun finalı ərəfəsində toplanan FIFA Şurası bu sahənin gələcəyini dəyişəcək tarixi qərarlar qəbul etmişdi. Qurumun prezidenti Canni İnfantinonun “hər bir istedada şans vermək” fəlsəfəsinin tərkib hissəsi kimi, üzv olan bütün 211 milli assosiasiya üçün 15 yaşadək futbolçulardan ibarət yeni festival tipli Dünya Çempionatının təsis olunduğu bəyan edildi. Layihə hələlik kommersiya xarakteri daşımayacaq.
Klassik turnirlərdən fərqli model
U-15 Dünya Çempionatı klassik futbol turnirlərindən tamamilə fərqli bir konsepsiyada keçiriləcək. FIFA yeniyetmə futbolçuların fiziki yükünü, taktiki şüurunu və texniki bacarıqlarını nəzərə alaraq xüsusi qaydalar müəyyən edib.
İlk turnir 22–31 oktyabr 2026-cı il tarixlərində yalnız oğlan komandaları arasında keçiriləcək. 2027-ci ildə analoji turnir qızlar üçün təşkil olunacaq, 2028-ci ildən etibarən isə həm oğlan, həm qız U-15 milli komandaları müntəzəm olaraq FIFA-nın bu kütləvi festivalına qatılacaqlar. Oyunlar kiçildilmiş meydançalarda, qısaldılmış vaxt rejimində və 8×8 formatında olacaq. Bu format gənc oyunçuların topla daha çox təmasda olmasına, sürətli qərar verməsinə şərait yaradır.
İştirakçı ölkələrin heyətində 2011-ci və 2012-ci il təvəllüdlü ən azı 2-si qapıçı olmaqla 14 futbolçu və 6 nəfərlik heyət yer alacaq. Turnir təsnifat və əsas mərhələlərdən ibarət olacaq. Ən diqqətçəkən məqam odur ki, ilkin mərhələlərdə uduzan komandalar turniri tərk etmir, yarışın son gününə qədər öz aralarında matçlar keçirməyə davam edəcəklər. Burada məqsəd hər bir yeniyetməyə maksimum beynəlxalq təcrübə qazandırmaqdır.
Niyə məhz Azərbaycan?
FIFA Şurasının Bürosu ilk FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi hüququnu Azərbaycana həvalə edib. Bu seçimdə ölkəmizin böyük idman yarışlarındakı təcrübəsi və müasir logistik infrastrukturu əsas rol oynayıb. Digər tərəfdən, FIFA-nın İcraiyyə Komitəsinin daha əvvəl aldığı qərara əsasən, 2027-ci ildə keçiriləcək U-20 futbolçular arasında Dünya Çempionatına Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi bəyan olunmuşdu.
Dövlət səviyyəsində yarışa hazırlıq işlərinə dərhal start verildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 27 iyul 2026-cı il tarixində ilk U-15 Dünya Çempionatı və Festivalının ölkəmizdə layiqincə keçirilməsini təmin etmək məqsədilə xüsusi Sərəncam imzaladı. Sərəncama əsasən, turnirin əlaqələndirilməsi və təşkilati məsələlərinin həlli Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi U-20 Dünya Çempionatının Təşkilat Komitəsinə həvalə olundu.
2026-cı ilin avqustunda keçirilən Təşkilat Komitəsinin iclasında vurğulandı ki, 22–31 oktyabr 2026-cı il tarixlərində təşkil olunacaq festival çərçivəsində Azərbaycan 175-dən çox ölkənin hər birindən 20 nəfərlik nümayəndə heyətini (ümumilikdə minlərlə qonağı) qəbul edəcək.
Mətbuatda yayılan məlumatlara görə, çempionatın əsas mərkəzi Hövsan qəsəbəsi olacaq. Yarış üçün xüsusi idman kompleksinin inşasına başlanılıb. Təyin olunmuş təxminən 12 hektarlıq ərazidə ümumilikdə 10 müasir futbol meydançası inşa edilir. Çempionat başa çatdıqdan sonra stadionlar aidiyyəti qurumun balansına verilərək uşaq futbol akademiyası kimi fəaliyyət göstərəcək.
İştirakçı məsələsi
Turnirin bütün FIFA üzvlərinə açıq elan edilməsi beynəlxalq idman siyasətində də ciddi müzakirələrə yol açıb. Məlum olduğu kimi, 2022-ci ilin fevralından Rusiya milli komandaları və klubları FIFA və UEFA bayrağı altındakı beynəlxalq yarışlardan kənarlaşdırılıb. Buna baxmayaraq, qurum turnirin nizamnaməsində “bütün üzv assosiasiyalar iştirak edə bilər” bəndinə əsasən şimal qonşumuzun festivalda iştirakını məhdudlaşdırmır. Belə halda Ukraynadakı müharibənin başlamasından bəri Rusiya bayrağı FIFA çətiri altında rəsmi yarışlarda yenidən dalğalana bilər.
2023-cü ildə UEFA U-17 səviyyəsində oxşar addım atmaq istəsə də, İngiltərə, Polşa və Ukrayna başda olmaqla Avropa ölkələrinin kütləvi boykot təhdidi qarşısında geri çəkilmişdi. FIFA rəhbərliyi isə bu dəfə qlobal festival formatı və neytral məkan seçimi ilə həmin müqaviməti sındırmağa çalışır.
Millimizin hazırlıqları
Ev sahibi kimi Azərbaycan da turnirə ciddi hazırlaşır. AFFA təkcə yerli istedadları yox, Avropada yaşayan və Azərbaycan pasportuna sahib olan 2011–2012-ci il təvəllüdlü gəncləri də seleksiya prosesinə cəlb edir. Skautlar tərəfindən seçilən potensiallı oyunçular Bakıdakı yekun toplanışa dəvət olunacaqlar.
Beləliklə, U-15 layihəsi özünün ilk rəsmi sınağını Bakıda verəcək. Oktyabrın sonundakı bu 10 günlük festival FIFA-nın yeniyetmə futbolunu nə dərəcədə qlobal brendə çevirə biləcəyini və Azərbaycanın bu unikal formata necə ev sahibliyi edəcəyini göstərəcək.
Ayxan Zayıdzadə