Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda məscid və ticarət mərkəzindən mobil telefonlar oğurlayan H.V. barəsində hökm çıxarılıb.
Moderator.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Mingəçevir şəhərində anadan olmuş, əvvəllər məhkum edilmiş H.V. Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi (təkrar oğurluq) ilə təqsirli bilinib.
İttihama görə, H.V. 2026-cı ilin yanvarında Bakı şəhərində yerləşən "Dəniz Mall"ın mənfi ikinci mərtəbəsindəki namaz otağına gedib. Orada bir şəxsin dəstəmaz almaq üçün otaqdan çıxdığını görüb. Həmin şəxsin gödəkçəsinin altında qoyduğu "iPhone 15 Pro Max" markalı mobil telefonu götürərək hadisə yerindən uzaqlaşıb.
Oğurlanan telefonun dəyəri 1700 manat müəyyən edilib. H.V. daha sonra həmin cihazı "28 May" metro stansiyası yaxınlığındakı telefon mağazalarından birində 440 manata satıb. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləyib.
Bundan bir neçə gün sonra H.V. Bibiheybət məscidinə gedərək ikinci oğurluğu törədib. Bu dəfə dəstəmaz alan şəxsin gödəkçəsini asılqanda nəzarətsiz qoymasından istifadə edərək geyimin cibindəki "iPhone 17 Pro" markalı telefonu götürüb.
Məhkəmə zamanı telefonun dəyərinin 3000 manat olduğu müəyyən edilib. H.V. bu telefonu da "28 May" metro stansiyası yaxınlığındakı eyni mağazaya 600 manata satıb.
Telefon mağazasının əməkdaşı məhkəmədə söyləyib ki, H.V. özünü "hacı" kimi təqdim edib. O, hər iki telefonu özünün şəxsi cihazı adı ilə satıb. Mağaza əməkdaşı telefonların oğurluq olduğunu bilmədiyini, əks halda onları almayacağını deyib.
H.V. məhkəmədə özünü qismən təqsirli bilsə də, ibtidai istintaqda verdiyi ifadəni təsdiqləyib və hər iki oğurluğu törətdiyini etiraf edib. Məhkəmə onun ifadələrini digər sübutlarla birlikdə qiymətləndirib.
Məlum olub ki, H.V. daha əvvəl də oğurluq cinayətinə görə məhkum olunub. Şirvan Şəhər Məhkəməsinin 2023-cü il tarixli hökmü ilə o, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və cəzasını 2023-cü ildə başa vuraraq azadlığa çıxıb.
Məhkəmə onun əvvəlki məhkumluğunun ödənilmədiyini nəzərə alaraq yeni cinayətin residiv yaratdığı qənaətinə gəlib və bunu, həmçinin zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməməsi cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirib.
H.V Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib və ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.