Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Bakıda ötən gün yağan intensiv yağış paytaxtın bir sıra ərazilərində gölməçələrin yaranmasına səbəb olub.
Bu vəziyyət şəhərin mövcud kanalizasiya və yağış sularının axıdılması sistemlərinin intensiv yağıntıların öhdəsindən gəlmək imkanlarını yenidən gündəmə gətirib. Qlobal iqlim dəyişikliklərinin yaratdığı yeni çağırışlar fonunda paytaxtın su-kanalizasiya infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması məsələsi də aktuallaşıb.
Problemin digər tərəfi isə Bakının bir sıra qəsəbələrində kanalizasiya şəbəkələrinin yetərli səviyyədə olmamasıdır. Belə ərazilərdə yay aylarında içməli su təminatı, yağışlı mövsümdə isə çirkab və yağış sularının axıdılması ilə bağlı çətinliklər yaşanır.
Bakı şəhəri və qəsəbələrində içməli su və kanalizasiya şəbəkələrinin əhəmiyyətli hissəsi Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinin müvafiq strukturları tərəfindən idarə olunur.
Paytaxtın sürətlə böyüməsi, yeni yaşayış massivlərinin, çoxmənzilli binaların və müxtəlif obyektlərin tikilməsi, əhalinin və su istifadəçilərinin sayının artması mövcud infrastruktura düşən yükü əhəmiyyətli dərəcədə artırıb.
Bu fonda su təchizatı, kanalizasiya və yağış sularının idarə olunması sistemlərinin yenilənməsi, eləcə də nəzərdə tutulan layihələr barədə ictimaiyyətin məlumatlandırılması xüsusi əhəmiyyət daşıyır.
Bəs Bakıya yatırıldığı deyilən 200 milyard dollar hara xərclənib?
Məsələ ilə bağlı sosial şəbəkələrdə son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırıldığı, buna baxmayaraq şəhərin kommunal infrastrukturunda problemlərin qalmaqda davam etdiyi barədə fikirlər səsləndirilir.
İqtisadçı-ekspert Xalid Kərimli isə bu məbləğin kommunal infrastruktura xərclənmiş vəsait kimi təqdim edilməsinin düzgün olmadığını bildirib.
Ekspert qeyd edib ki, söhbət uzun illər ərzində Bakının müxtəlif iqtisadi sahələrinə müxtəlif mənbələr hesabına yatırılan investisiyaların ümumi həcmindən gedir:
"200 milyard dollardan çox investisiya dedikdə, bu vəsaitin dövlət və ya Bakı şəhərinin büdcəsindən kommunal infrastruktura xərclənməsi nəzərdə tutulmur. Buraya yerli və xarici özəl şirkətlərin, sahibkarların yatırımları, yaşayış kompleksləri, biznes və ticarət mərkəzləri, mehmanxanalar, istehsal müəssisələri, nəqliyyat, kommunal və digər sahələrə yönəldilmiş sərmayələr daxildir.
Buna görə də 200 milyard dolların şəhərin kommunal infrastrukturuna xərcləndiyini düşünərək mövcud problemlərlə müqayisə etmək doğru deyil".
Xalid Kərimlinin sözlərinə görə, ümumi investisiya göstəricisinin bu şəkildə hesablanması beynəlxalq iqtisadi praktikaya uyğundur.
Bununla belə, Bakının kommunal infrastrukturunda mövcud problemlər öz aktuallığını qoruyur.
Paytaxtın sürətli inkişafı və iqlim dəyişiklikləri fonunda su-kanalizasiya və yağış sularının idarə olunması sistemlərinin yenilənməsi artıq yalnız şəhər təsərrüfatının inkişafı məsələsi deyil, həm də əhalinin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.