Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
23-24 yanvar tarixlərində Bakıda “II Azərbaycan Diabet və Metabolizma Xəstəlikləri Konqresi” və IV AzərTürkDiab Simpoziumu keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbir Türkiyə Diabet Vəqfi və Azərbaycan Diabet Liqasının təşkilatçılığı, Referans Medical Group-un dəstəyi ilə baş tutub.
Konqresin açılış mərasimi Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün tibb və səhiyyənin inkişafı ilə bağlı fikirləri iştirakçılara nümayiş etdirilib.
Konqres çərçivəsində diabet və metabolik xəstəliklər sahəsində əldə olunan son elmi yeniliklər, müasir diaqnostika və müalicə yanaşmaları, eləcə də aktual klinik mövzular müzakirə edilib. Tədbirdə Azərbaycan və Türkiyənin aparıcı endokrinoloqları, diabetoloqları və sahə üzrə ixtisaslaşmış mütəxəssisləri iştirak ediblər.
Tədbir zamanı Acıbadem Universitetinin Diabet Araşdırma və Tətbiq Mərkəzi ilə Referans Endokrin və Cərrahi Mərkəzinin nəzdində fəaliyyət göstərən Azərbaycan Diabet Texnologiyaları (ADİT) Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu Referans Medical Group-un Müşahidə Şurasının sədri Hansıyar Babayev və Acıbadem Universiteti Diabet Araşdırma və Tətbiq Mərkəzinin rəhbəri, Türkiyə Diabet Vəqfinin qurucusu Temel Yılmaz imzalayıb.
Simpozium çərçivəsində diabet texnologiyalarına həsr olunmuş kurs keçirilib. Kurs iştirakçıların praktiki bilik və bacarıqlarının artırılmasına yönəlib və diabet texnologiyalarının tətbiqi baxımından mühüm əhəmiyyət daşıyıb.
Referans Endokrin və Cərrahi Mərkəzinin baş həkimi, tibb üzrə fəlsəfə doktoru Nərmin İsmayılova Konqresin Təşkilat Komitəsinin sədri qismində çıxış edib.
Nərmin İsmayılova bildirib ki, Türkiyə Diabet Fondu ilə birgə, Azərbaycan Diabet Liqası və Referans Endokrinoloji Cərrahi Mərkəzinin dəstəyi ilə silsilə konqreslərin təşkili davam etdirilir.
“Konqres çərçivəsində diabetin idarə olunmasında texnologiyalara həsr edilmiş kurslar, ailə həkimləri üçün təlimlər, eləcə də tibb bacıları üçün xüsusi kurslar təşkil olunub. Böyük konqresdə 300-dən çox həkim iştirak edib.
İlk dəfə olaraq Azərbaycanda “Şəkərli diabetin diaqnostika və müalicə rəhbəri” adlı kitab nəşr edilib. Kitab Türkiyə Diabet Vəqfinə məxsusdur, fondun icazəsi ilə Azərbaycan dilinə tərcümə olunub və ölkə səhiyyə sisteminə uyğun əlavələrlə zənginləşdirilib. Nəşrdə ən son protokollar və müasir tibbi yeniliklər əksini tapıb”, - deyə sədr vurğulayıb.
Türkiyə Diabet Vəqfinin sədri, professor-doktor Temel Yılmaz çıxışı zamanı qeyd edib ki, tədbir milyonlarla insanın həyatını birbaşa maraqlandıran mövzuya həsr olunub. Onun sözlərinə görə, diabet dünyada ən geniş yayılmış xəstəliklərdən biridir və cəmiyyətin təxminən 15 faizində bu xəstəlik mövcuddur.
“Diabet düzgün nəzarət olunmadıqda ürək tutmaları, insultlar, böyrək çatışmazlığı və digər ciddi orqan zədələnmələrinə səbəb olur. Son illər ərzində diabet sahəsində ciddi irəliləyişlər qeydə alınıb. 10 il əvvəl xəyal hesab olunan bir çox yenilik bu gün real şəkildə tətbiq olunur”,- deyə o əlavə edib.
İki gün davam edən elmi proqram çətin klinik hallara, yeni terapevtik metodlara və innovativ texnoloji yeniliklərə həsr olunmuş sessiyalardan ibarət olub. Qarşılıqlı elmi müzakirələr və təcrübə mübadiləsi iştirakçılar üçün geniş imkanlar yaradıb.
Konqres diabet və metabolizma xəstəlikləri sahəsində elmi biliklərin paylaşılması, müasir tibbi yanaşmaların təşviqi və Azərbaycan-Türkiyə elmi əməkdaşlığının gücləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirilib.








