Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Milli Elmlər Akademiyasında “Türk dünyasında milli kimlik və mədəni irs” mövzusunda III Beynəlxalq Türkoloji Konqresin açılış mərasimi keçirilib.
Şuşa şəhərinin 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə təşkil edilən beynəlxalq mərasim 2 gün davam edəcək.
AMEA-nın Folklor İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Aynur İbrahimova XQ-yə bildirib ki, beynəlxalq konqres Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Milli Elmlər Akademiyası, Çankırı Karatekin Universitetinin Türkologiya İnstitutu və Mukimi adına Kokand Dövlət Pedaqoji İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.
Konqresin əsas məqsədi, başda Azərbaycanın Şuşa şəhəri olmaqla, Türk-İslam mədəniyyətinin inkişafında əhəmiyyətli yer tutan mədəniyyət mərkəzlərinin, milli kimliyin formalaşmasında və mədəni irsin qorunmasında oynadığı rolun vurğulanmasıdır.
Bu məqsədlə, konqresdə bir sıra mühüm mövzuların müzakirə edilməsi planlaşdırılır.
Bunlar arasında Türk dünyasında milli kimliyin inkişafında mədəni irsin rolu, maddi və mənəvi mədəni irsin sivilizasiya quruculuğundakı əhəmiyyəti, mədəni tənəzzülün milli kimlik üzərindəki təsiri və mədəni irsin qorunması məsələləri yer alır.
Beynəlxalq konqresin digər əsas məqsədi mövzuya akademik və multidisiplinar yanaşma təqdim etmək, bu sahədə həyata keçirilən tədqiqatları elmi mühitə daxil etmək, mədəni irsin funksional aspektlərindən bəhrənərək milli kimliyin formalaşmasında onun rolunu vurğulamaqdır.