Icma.az, Bizimyol portalına istinadən məlumat verir.
Paytaxtın bir çox hissələrində mövcud kollektorların illərlə yenilənməməsi suların normal şəkildə axmasını əngəlləyir. Bəzi ərazilərdə isə ümumiyyətlə müasir standartlara uyğun sistem yoxdur.
Son onillikdə şəhərdə tikinti və əhali artımı sürətlə gedib, lakin mühəndis-kommunikasiya sistemlərinin yenilənməsi eyni templə davam etməyib. Bundan əlavə, bir çox küçə və prospektdə yol səthi və səviyyə fərqləri suyun axınına mane olur, nəticədə yağış suyu yollarda gölməçələr şəklində toplanır.
Yağışdan sonra yaranan tıxaclar həm vaxt itkisinə, həm də iqtisadi itkilərə səbəb olur. Sürücülər əlavə yanacaq sərf edir, xidmət sahələrində gecikmələr yaranır, ictimai nəqliyyat yüklənir. Piyadalar üçün isə təhlükəli vəziyyət yaranır.
Bu gün Bakı küçələrində iki damcı yağışdan sonra yaranan vəziyyət artıq gözlənilməz hadisə deyil, xroniki problemə çevrilib. Sürətli həllər yox, sistemli yanaşma tələb olunur. Paytaxtın müasir şəhər statusuna uyğun yağış-kanalizasiya infrastrukturu qurulmadıqca, bu mənzərə hər yağışdan sonra yenidən təkrarlanacaq.
Leyla Mirzə, Bizimyol.info