Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
“Yaşıl dünya naminə həmrəylik ili”, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində noyabrın 5-də Bakıda “İqlim dəyişikliyi fonunda Xəzər dənizini necə xilas etmək olar?” mövzusunda mətbuat konfransı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, konfrans Gürcüstanın “Kelp Farms” şirkəti və Azərbaycanın “Davamlı İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.
Mətbuat konfransının moderatoru, BMT-nin Ekosistemlərin Bərpası üzrə Onilliyi (2021-2030) üçün Rusiyanın Milli Komitəsinin üzvü Aleksey Knijnikov konfrans iştirakçılarını salamlayıb.
Açılış nitqi ilə çıxış edən “Davamlı İnkişaf” İctimai Birliyinin sədri Fikrət Cəfərov bildirib ki, mətbuat konfransının keçirilməsində əsas məqsəd elmi ictimaiyyəti və digər maraqlı tərəfləri iqlim dəyişikliyinin Xəzər dənizinin ekosisteminə vurduğu zərərin minimuma endirilməsi imkanları barədə məlumatlandırmaqdır.
O qeyd edib ki, son on ildə Xəzər dənizinin səviyyəsi aşağı düşür və bu tendensiya davam edəcək.
Sonra “Yosunlardan istifadə edərək dəniz ekosisteminin bərpası: regional davamlı inkişafa töhfə və qlobal iqlim problemlərinin həlli” istiqamətində müzakirələr aparılıb.
“Kelp Farms” təşkilatının baş məsləhətçisi, biologiya elmləri namizədi Konstantin Zqurovski "Qlobal iqlim və regional məsələlərin həlli üçün makrofit yosunların becərilməsi və bərpası üzrə əsas yanaşmalar, Xəzər dənizində biomüxtəlifliyin bərpası və dayanıqlı iqtisadiyyatın inkişafı" mövzusunda məruzə ilə çıxış edib.