Bakıda “İrs Keşikçisi” sənədli filminin nümayişi olub

14.08.2026

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çin Xalq Respublikasının (ÇXR)  Bakıdakı səfirliyi “İrs Keşikçisi” sənədli filminin Azərbaycan dilində nümayişini təşkil edib.

525.az xəbər verir ki,  tədbirdə deputatlar, ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

ÇXR-in  Azərbaycandakı səfiri Lu Mey çıxışında deyib ki, Çin və Azərbaycan qədim tarixə və zəngin sivilizasiyaya malik ölkələrdir. İki min ildən artıq bundan əvvəl qədim İpək Yolunda dəvə karvanlarının zınqırov səsləri altında Çin və Azərbaycan xalqları qarşılıqlı əlaqə, mübadilə və bir-birindən öyrənmə yolunda ilk addımlarını atmışlar. Son illərdə Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin strateji rəhbərliyi ilə Çin-Azərbaycan münasibətləri hərtərəfli şəkildə inkişaf edərək yeni mərhələyə qədəm qoyub, hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bununla da, iki ölkə arasında əməkdaşlığın inkişafında yeni tarixi səhifə açılıb.

Diplomat deyib ki, iki ölkə xalqlarının bir-birinin ölkəsi və mədəni irsi ilə daha yaxından tanış olmaq istəyi getdikcə güclənir. Mədəniyyət, təhsil, media, beyin mərkəzləri, turizm, elm və texnologiyalar, gənclər arasında mübadilələr, regionlararası əlaqələr və digər sahələrdə humanitar əməkdaşlıq getdikcə dərinləşir və praktiki nəticələrlə zənginləşir. Bu əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafına yeni imkanlar qazandırmaqla yanaşı, onların ictimai dayaqlarını da möhkəmləndirir.

“Məhz belə dostluq və qarşılıqlı anlaşma şəraitində “İrs Keşikçisi” sənədli filmi “China Media Group”unun Çin Radio və Televiziya Mərkəzi tərəfindən Azərbaycan dilində təqdim olunmaq üçün xüsusi olaraq hazırlanıb. Azərbaycan Televiziya və Radio Verilişləri QSC və ARB24 telekanalı da qısa müddət ərzində resursları səfərbər edərək filmin Azərbaycanda yayımlanmasına fəal dəstək göstərib.

Filmin Azərbaycanda uğurla nümayiş etdirilməsi yalnız Çin və Azərbaycan mediası arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərmir, həm də azərbaycanlı tamaşaçılara Çin Xalq Respublikasının Sədri Si Cinpinin mədəniyyətə dair düşüncələrini daha dərindən anlamağa, Çinin dövlət idarəçiliyi konsepsiyasının söykəndiyi zəngin mədəni irsi daha yaxından dərk etməyə imkan verəcəkdir. Çin Radio və Televiziya Mərkəzi, həmçinin Azərbaycan mediasına bir sıra yüksək keyfiyyətli proqramlar təqdim edəcəkdir. Bu proqramlar Azərbaycanlı tamaşaçılar üçün yeni dövr Çini daha yaxşı tanımaq, Çin xalqının ənənəvi mədəniyyətinin özünəməxsus cazibəsini hiss etmək üçün mühüm körpü rolunu oynayacaq, iki ölkə arasında humanitar mübadilənin və xalqlar arasında qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə töhfə verəcəkdir”, - səfir bildirib.

O əlavə edib ki, sivilizasiyalar mübadilə sayəsində rəngarəngləşir, qarşılıqlı öyrənmə sayəsində isə zənginləşir. Gələcəyə nəzər saldıqda, Çin və Azərbaycan arasında müxtəlif sahələrdə humanitar mübadilə və əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur və bu istiqamətdə böyük potensial vardır: “Ümid edirik ki, iki ölkənin mədəniyyət, media, təhsil, beyin mərkəzləri və digər sahələrinin nümayəndələri əməkdaşlığı daha da gücləndirəcək, birlikdə daha çox yüksək keyfiyyətli əsər və layihələr ərsəyə gətirəcək, Çin-Azərbaycan dostluğu haqqında daha çox maraqlı hekayələr danışacaq, iki xalq arasında mədəni əlaqələri daha da möhkəmləndirəcək, ikitərəfli münasibətlərin inkişafına və Bəşəriyyətin Vahid Taleyi Birliyi ideyasının təşviqinə daha böyük töhfə verəcəkdir.

“İrs Keşikçisi” sənədli filminin Azərbaycanda geniş tamaşaçı auditoriyasına təqdim olunmasını və böyük uğur qazanmasını arzulayıram”.

Milli Məclisinin deputatı, Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva, “China Media Group”unun Çin Radio və Televiziya Mərkəzinin direktoru xanım Van Lu  və digərləri tədbirdə çıxış ediblər.

Daha sonra film nümayiş edilib. Sənədli filmdə Si Cinpinin zəngin Çin ənənəvi mədəniyyətinin qorunması və inkişaf etdirilməsi ilə bağlı yanaşmalarını, tarixi-mədəni irsin gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən fəaliyyəti əks etdirir.  Çinin qədim tarixi və zəngin mədəni irsi, tarixi abidələrin qorunması, bərpası və müasir dövrdə inkişaf etdirilməsi ilə bağlı nümunələr də nümayiş etdirilir.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью