Bakıda keçirilən dünya çempionatı başa çatdı Video

08.11.2026

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığı ilə Bakı şəhərində keçirilən yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının bağlanış və mükafatlandırma mərasimi keçirilib.

Axar.az xəbər verir ki, əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra tədbir iştirakçıları Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən hazırlanmış, çempionatın gedişini və yaddaqalan məqamlarını əks etdirən videoçarxı izləyiblər.

Fövqəladə hallar nazirinin müavini general-mayor Yusif Nəbiyev mərasimdə çıxış edərək Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından, yanğın-xilasetmə idmanının əməkdaşların fiziki hazırlığının və peşəkar bacarıqlarının artırılmasındakı əhəmiyyətindən bəhs edib. Nazir müavini yarış iştirakçılarının yüksək fiziki hazırlıq, çeviklik, dəqiqlik, dözümlülük və komanda ruhu nümayiş etdirdiklərini vurğulayaraq, çempionatın yalnız idman nailiyyətləri ilə deyil, iştirakçılar arasında dostluq əlaqələrinin qurulması və peşəkar əməkdaşlığın möhkəmləndirilməsi baxımından da əhəmiyyətini qeyd edib. O, yarışların yüksək səviyyədə təşkilinə töhfə verən Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına, milli federasiyalara, hakimlərə və mütəxəssislərə minnətdarlığını bildirib.

Sonra ümumi nəticələrə görə komandaların mükafatlandırma mərasimi keçirilib.

Əvvəlcə, qadınlar arasında yarışların qalibləri təltif olunublar.

Qeyd edək ki, qadınlardan ibarət komandaların mübarizəsində ümumi nəticələrə görə I yerə Rusiya Federasiyası, II yerə Belarus Respublikası, III yerə isə Qazaxıstan Respublikasının komandası layiq görülüb.

Sonra qalib komandanın təmsil etdiyi ölkənin Dövlət Himni səsləndirilib.

Mərasim çərçivəsində qadınlardan ibarət komandaların məşqçiləri də mükafatlandırılıblar.

Daha sonra kişilər arasında yarışların qalibləri və mükafatçıları təltif ediliblər.

Qeyd edək ki, kişilərdən ibarət komandaların mübarizəsində ümumi nəticələrə görə I yerə Rusiya Federasiyası, II yerə Belarus Respublikası, III yerə isə Qazaxıstan Respublikasının komandası layiq görülüb.

Qalib komandanın təmsil etdiyi ölkənin Dövlət Himni səsləndirilib.

Mərasimdə kişilərdən ibarət komandaların məşqçilərinə də mükafatlar təqdim edilib.

Sonra çempionatın bayrağının təhvil verilməsi mərasimi olub.

Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının İcraiyyə Komitəsinin direktoru Andrey Kalinin çıxış edərək, çempionatın keçirilməsi üçün yaradılmış şəraitə və qonaqpərvərliyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Çempionatın bayrağı fövqəladə hallar nazirinin müavini general-mayor Yusif Nəbiyev tərəfindən Belarus Respublikası fövqəladə hallar nazirinin birinci müavini daxili xidmət polkovniki Sergey Lapanoviçə təqdim edilib. Sergey Lapanoviç tədbirin yüksək səviyyədə təşkilinə və iştirakçılar üçün yaradılmış şəraitə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Sonra Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian çıxış edərək, çempionatın yüksək təşkilatçılıq səviyyəsinə, iştirakçılara göstərilən qonaqpərvərliyə və yaradılmış şəraitə görə Azərbaycana minnətdarlığını bildirib, Bakıda keçirilən dünya çempionatını bağlı elan edib.

Daha sonra Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyası tərəfindən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşına qarşılıqlı əlaqələrin genişləndirilməsindəki fəaliyyətlərinə görə medallar təqdim olunub.

Sonda 8 Noyabr – Zəfər Gününə həsr edilmiş videoçarx nümayiş olunub.

Bağlanış mərasimi konsert proqramı ilə başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью