Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Bakıda daşınmaz əmlak bazarında metro stansiyalarına yaxınlıq mənzillərin qiymətinə ciddi təsir edən amillərdən biri olaraq qalır.
Şəhər daxilində rahat və sürətli hərəkət imkanının olması, iş və təhsil müəssisələrinə çıxışın asanlığı metro ətrafındakı mənzillərə tələbatı artırır.
Bu səbəbdən həmin ərazilərdə mənzillərin satış qiymətləri də digər ərazilərlə müqayisədə daha yüksək olur.
Xüsusilə yeni tədris ili ərəfəsində tələbələrin kirayə mənzil axtarışlarının artması metroya yaxın ərazilərdə tələbatı daha da gücləndirir.
Tələbin artması isə kirayə qiymətlərinin bahalaşmasına, bəzi hallarda isə satış qiymətlərinin də yüksəlməsinə təsir göstərir.
Beləliklə, metroya yaxın mənzil həm yaşamaq, həm də investisiya baxımından daha cəlbedici hesab olunur.
Bəs metroya yaxınlıq mənzilin qiymətini nə qədər artırır?
Əmlak eksperti Elnur Azadov “Cebheinfo.az”-a bildirib ki, yeni tədris ilinin başlaması ilə əlaqədar kirayə mənzil bazarında aktivlik müşahidə edilməkdədir:
“Tələbələrin Bakı və digər böyük şəhərlərə axını ilə əlaqədar mənzillərə həddindən artıq tələbat artıb. Hər il bu dövrdə mənzil bazarında oxşar vəziyyət müşahidə olunur və tələb-təklif balansı ciddi şəkildə pozulur.
Hazırda təkliflərin sayının olduqca az, tələbatın isə normadan dəfələrlə çox olması qiymət disbalansına gətirib çıxarır. Nəticədə qiymətlər 20-25 faizə qədər artır. Buna görə də bir çox şəxslər mənzil tapmaqda ciddi çətinlik çəkirlər.
Mənzilə tələbat daha çox şəhərin mərkəzi hissəsində, metro stansiyalarının, magistral yolların və universitetlərin yaxınlığında yüksəkdir.
Buna görə də həmin ərazilərdə mənzil qiymətləri daha bahadır. Metro tələbələr üçün çox vacib nəqliyyat vasitəsidir. Çünki uzun məsafələrdə metrodan istifadə daha əlverişli olur.
Son illərdə nəqliyyat xərclərinin nisbətən artması da insanlar üçün əlavə yük yaradır. Gün ərzində iki dəfə nəqliyyat dəyişmək nəticə etibarilə daha çox xərc tələb edir.
Son illərdə mənzil bazarında təkliflərin azalması da müşahidə olunur. Məsələ burasındadır ki, Bakı şəhərində ekonom tipli mənzillərin yerləşdiyi köhnə yaşayış fondu tədricən azalır.
Bu istiqamətdə xeyli söküntü işləri aparılır və köhnə yaşayış fondunda olan daşınmaz əmlak sökülərək bazardan çıxarılır. Bunun fonunda ekonom tipli mənzillərin sayı azalır”.
Onun sözlərinə görə, ekonom mənzillərin azalması isə qiymətlərin bahalaşmasına əlavə təkan verir:
“Ümumiyyətlə, yaxın 2-3 il ərzində mənzillərə tələbatın yüksək olacağı gözlənilir. Bu səbəbdən həm satış, həm də kirayə qiymətlərinin aşağı düşəcəyi proqnozlaşdırılmır”.
Ekspert əlavə edib ki, yaxın illərdə xüsusilə metro stansiyalarının, mərkəzi magistral yolların və universitetlərin yaxınlığında yerləşən mənzillərin qiymətlərinin daha da artacağı gözlənilir.
Aişə
“Cebheinfo.az”
Açar sözlər: kirayə evlər Elnur Azadov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin