525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda Koreya Respublikasının Dövlətçilik Günü və Silahlı Qüvvələr Günü münasibətilə qəbul keçirilib.
525.az xəbər verir ki, hər iki ölkənin Dövlət himnləri səsləndikdən sonra çıxış edən səfir Kan Kimqu ölkəsinin ilk Koreya dövləti olan Qocosonun yaranmasından söz açıb.
O bildirib ki, bu il Koreya Respublikasının Azərbaycandakı səfirliyinin açılmasının 20-ci ildönümüdür:
“Ötən iyirmi il ərzində səfirliyimiz diplomatik əlaqələr, praktiki əməkdaşlıq və xalqlarımız arasında birbaşa təmaslar vasitəsilə Koreya ilə Azərbaycan arasındakı münasibətlərin möhkəmlənməsinə töhfə verib. Biz buna təkcə diplomatik fəaliyyət vasitəsilə deyil, həm də praktiki əməkdaşlıq və xalqlarımız arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi yolu ilə nail olmuşuq. Amma söz verirəm ki, bu axşamkı bayramı tarix dərsinə çevirməyəcəyəm. Odur ki, bu il birgə gördüyümüz işlərdən bir neçəsini qısaca qeyd etmək istərdim.
Diplomatik əlaqələrimizə gəlincə, aprel ayında xarici işlər nazirlərimiz arasında telefon danışığı olub. Bunun ardınca iyun ayında burada, Bakıda, iki ölkənin xarici işlər nazirlikləri arasında beşinci siyasi məsləhətləşmələr keçirilib.
Bu il Koreyadan iki parlament nümayəndə heyətini də qəbul etməkdən məmnun olduq. Bu səfərlər ölkələrimiz arasında təmasların getdikcə genişləndiyini göstərir. Diplomatik əlaqələrlə yanaşı, energetika, təhsil, səhiyyə və kənd təsərrüfatı sahələrində praktiki əməkdaşlığımız da inkişaf edib”.
Səfir deyib ki, bu ilin əvvəlində “Samsung E&A” şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti energetika sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə anlaşma memorandumu imzalayıblar. Koreya şirkətlərinin Azərbaycanın əsas siyasət prioritetlərindən olan sənaye sahəsində fəal rol oynamasından məmnunluq duyuruq.
“Təhsil sahəsində Bakı Dövlət Universitetində yeni Kompüter Elmləri Mərkəzi fəaliyyətə başlayıb. Koreya mərkəzi kibertəhlükəsizlik avadanlığı ilə təmin edib. Rəqəmsal texnologiyaların və süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə ümid edirik ki, bu dəstək tələbələr üçün daha təhlükəsiz rəqəmsal tədris mühitinin yaradılmasına kömək edəcək.
Səhiyyə sahəsində isə oktyabr ayında səkkiz azərbaycanlı tibb mütəxəssisi ənənəvi Koreya təbabəti üzrə təlim keçmək üçün Koreyaya səfər edib. Səfər çərçivəsində tərəfdaş qurumlarımız arasında anlaşma memorandumu da imzalanıb. Gələn həftə səfirliyimiz Bakıdakı uşaq xəstəxanasına yeni tibbi avadanlıq təqdim edəcək.
Kənd təsərrüfatı sahəsində də əməkdaşlığımız davam edib. İyun ayında “Caspian Agro” sərgisində on Koreya şirkəti iştirak edib. Bu, Koreya şirkətlərinin həmin sərgidə indiyədək ən geniş iştirakı olub. Bu ilin dekabrında isə Gəncədəki Azərbaycan Dövlət Aqrar Universitetində ağıllı istixana layihəsinə dəstək verməyi planlaşdırırıq.
Bu layihələr miqyasına və təyinatına görə fərqlənsə də, hamısı bir məqsədə xidmət edir. Biz istəyirik ki, dostluğumuz hər iki ölkənin insanlarına konkret fayda gətirsin”, - deyə səfir əlavə edib.
Onun sözlərinə görə, ölkələr arasında möhkəm dostluq xalqların bir-birini daha yaxşı tanıması və anlaması ilə inkişaf edir. Buna görə də təhsil və mədəniyyət sahələrində mübadiləyə böyük əhəmiyyət veririk:
“Azərbaycanda təhsil alan koreyalı tələbələrin sayı ötən il 11 nəfər idisə, bu il iki dəfədən çox artaraq 23 nəfərə çatıb. Hazırda 200-ə yaxın azərbaycanlı tələbə Koreyada təhsil alır. Səfirliyimiz bu il Qlobal Koreya Təqaüd Proqramı (GKS) üçün altı tələbə seçib. Bu gənclər ölkələrimiz arasındakı münasibətləri daha da inkişaf etdirəcəklər. Onlar öz ölkələrinə yeni biliklər, qazandıqları dostluqlar və bir-birimizin ölkəsi haqqında daha dərin anlayışla qayıdacaqlar”.
Kan Kimqu söyləyib ki, oilliklər boyu davam edən diplomatik xidmətinin ardından tezliklə təqaüdə çıxacaq və son diplomatik təyinatının məhz Azərbaycanda olmasından xüsusilə məmnundur:
“Burada çalışdığım müddətdə dövlət rəsmiləri və işgüzar dairələrin nümayəndələri ilə bir çox dəyərli görüşlərim olub. Universitetlərə səfərlərim və bu gözəl ölkənin müxtəlif bölgələrində keçirdiyim günlər isə ən xoş xatirələrim sırasındadır. Tələbələrin həvəsini, düşündürücü suallarını və Koreyaya göstərdikləri səmimi marağı həmişə xatırlayacağam. Hər şeydən əvvəl, Azərbaycan xalqının məni necə səmimi və qonaqpərvərliklə qarşıladığını unutmayacağam. Bakıda olduğum müddətdə mənə göstərdiyiniz dostluğa, dəstəyə və verdiyiniz dəyərli məsləhətlərə görə hər birinizə təşəkkür edirəm”.
Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Fərid Abdinbəyov əlamətdar gün münasibətilə Koreya Respublikasının hökumətinə və dost xalqına təbriklərini çatdırıb.
Bildirib ki, Azərbaycan Koreya Respublikası ilə qarşılıqlı etimad və hörmətə, dostluq və həmrəyliyə, eləcə də qarşılıqlı maraq və faydaya əsaslanan əməkdaşlığın genişləndirilməsi istiqamətində ortaq baxışa söykənən münasibətlərə xüsusi əhəmiyyət verir:
“Diplomatik münasibətlərin qurulmasından bəri ölkələrimiz ikitərəfli əlaqələrin inkişafı və uzunmüddətli dostluq bağlarının möhkəmləndirilməsi üçün möhkəm təməl formalaşdırıblar. Dil, mədəniyyət və tarix sahələrindəki oxşarlıqlar iki dost ölkə arasında əməkdaşlığın genişləndirilməsinə əlavə təkan verib. İllər ərzində konstruktiv siyasi dialoq yüksək səviyyəli təmaslar, parlamentlərarası əməkdaşlıq və genişlənən müqavilə-hüquq bazasının dəstəyi ilə ardıcıl şəkildə inkişaf edib. Bu gün biz geniş əhatə dairəsinə və zəngin məzmuna malik, dinamik inkişaf edən çoxşaxəli əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinə sahibik. Hesab edirik ki, bu əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması üçün hələ də istifadə olunmamış əhəmiyyətli potensial mövcuddur”.
Səfir deyib ki, iki ölkənin əsas prioritet istiqamətlərdən biri iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsidir: “Azərbaycan Cənubi Qafqazda Koreyanın ən böyük və ən əhəmiyyətli iqtisadi və ticarət tərəfdaşı olaraq qalır. Azərbaycanın Silk Way West Airlines aviaşirkətinin Koreyaya həyata keçirdiyi müntəzəm yük reysləri ticarət əməliyyatlarımızı əhəmiyyətli dərəcədə asanlaşdırır. Təhsil sahəsində əməkdaşlığa gəldikdə, Bakı Mühəndislik Universiteti ilə İnha Universiteti arasında birgə həyata keçirilən və Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən tam maliyyələşdirilən bakalavriat səviyyəsində ikili diplom proqramını uğurlu əməkdaşlıq nümunəsi hesab etmək olar. Bu proqram Azərbaycanın insan kapitalının inkişafı ilə bağlı qarşıya qoyduğu məqsədlərə nail olunmasına da töhfə verir”.
F. Abdinbəyov bildirib ki, 2027-ci ildə Azərbaycan və Koreya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünə hazırlıq üçün qarşıdakı dövrdən səmərəli istifadə etməliyik: “Bu əlamətdar tarix yalnız əldə etdiyimiz nailiyyətləri qeyd etmək üçün deyil, həm də tərəfdaşlığımızın gələcəyi naminə yeni və iddialı hədəflər müəyyənləşdirmək üçün fürsət olmalıdır”.
Pərvanə Sultanova