Bakıda “kupça” verilməyəcək evlərin siyahısı açıqlandı Onlar mənzillə vidalaşsın...

02.02.2026

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Bakıda “kupça” verilməyəcək evlərin siyahısı açıqlanıb. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova bildirib ki, mühafizə zonaları ərazisində, yüksək təzyiqli qaz xətlərinin, dəmir yolu ərazisində tikilən tikililərin sənədləşdirilməsi qanunla mümkün deyil.

Maraqlıdır, həmin ərazilərdə illərdir məskunlaşmış şəxslərin taleyi necə olacaq?

Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, 2023-cü ilin yanvarında Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidməti gələcəkdə qanunsuz tikililərin leqallaşdırılması məqsədilə vahid portalın yaradılacağını elan edib:

“Həmin portal vasitəsilə qanunsuz tikililərin qeydiyyatı aparılacaqdı. Lakin üç il keçməsinə baxmayaraq, bu sahədə müvafiq hüquqi-normativ baza formalaşdırılmayıb. Hazırda mövcud olan yeganə mexanizm daşınmaz əmlakın dövlət reyestri ilə bağlı 2015-ci il tarixli 439 nömrəli fərmandır. Həmin fərmanla daşınmaz əmlak xidmətlərinin siyahısı genişləndirilib və bu çərçivədə təxminən 700 minə yaxın qanunsuz tikilinin yalnız 100 minə qədərinə şamil olunan hallar nəzərdə tutulub. Bu da əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş bəzi sərəncamların və ilkin sənədlərin tanınması ilə bağlıdır. Halbuki ölkədə qanunsuz tikililər müxtəlif dövrlərdə və fərqli sənədlər əsasında inşa edilib”.

Elnur Azadov

Ekspert bildirib ki, hazırda heç bir sənədi olmayan əmlakların sayı çoxdur:

“Belə tikililərin əksəriyyəti Bakı və Abşeron ərazisində yerləşir. Elə əmlaklar da var ki, gələcəkdə leqallaşdırılması mümkün deyil. Xüsusi mühafizə olunan zolaqlarda, kommunikasiya xətlərinin, magistral və dəmir yollarının 60 metrliyində, meşə zolaqlarında, çay və göl kənarlarında, eləcə də qanunla icazə verilməyən digər ərazilərdə tikilən evlər bu kateqoriyaya daxildir ki, onların leqallaşması mümkün olmayacaq. Buna baxmayaraq, bu tikililərin əksəriyyətində elektrik xətti mövcuddur və onlar abonent kimi qeydiyyata alınıb. Qaz və kanalizasiya xətlərinin olmadığı hallar mövcud olsa da, elektrik təminatının yaxın dövrdə dayandırılması ehtimalı azdır. Lakin zamanla bu problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görülə bilər. Praktikada bunun nümunələri də var. Məsələn, təxminən bir il əvvəl Nərimanov rayonu Keşlə qəsəbəsində yüzdən artıq fərdi evin sökülməsi ilə bağlı qərar qəbul edildi, sakinlərin köçürüldü və həmin evlər söküldü. Bu proses zamanı sakinlərə hər hansı kompensasiya ödənilmədi. Bu da bir daha göstərir ki, qanunsuz tikililərin rəsmiləşdirilməsi üçün hüquqi əsas mövcud deyil”.

E.Azadovun sözlərinə görə, bu cür əmlaklar üçün yeganə çıxış yolu məhkəmə mexanizmi hesab oluna bilər:

Mühafizə zolaqlarına düşən və qanunla icazə verilməyən ərazilərdə tikilmiş evlərin leqallaşdırılması üçün heç bir hüquqi normativ əsas yoxdur. Bu cür əmlaklarda yaşamaq həm risklidir, həm hüquqi baxımdan tənzimlənmir, həm də istənilən vaxt sökülmə ehtimalı mövcuddur. Belə hallarda dövlət tərəfindən kompensasiya ödənilməsi də nəzərdə tutulmur və bu, birmənalıdır”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью