Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Malayziyanın Azərbaycandakı səfirliyi “Malayziyanın dadı: Malayziyanın səhər yeməyi mədəniyyətini kəşf edin” adlı tədbir təşkil edib.
525.az xəbər verir ki, tədbirdə diplomatlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Malayziya səfiri Aznifah Abdul Qani qonaqları salamlayaraq deyib ki, kulinariya ənənələri vasitəsilə ölkəsinin ruhunu, milli kimliyini və yaşadılan mədəni irsinin mühüm bir parçasını bölüşməkdən çox məmnundur:
Bugünkü proqramımız xüsusi əhəmiyyət daşıyır. 2024-cü ilin sonlarına doğru Malayziyanın səhər yeməyi mədəniyyəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına rəsmi olaraq daxil edilib. Bu nüfuzlu beynəlxalq tanınma yalnız rəngarəng və ləziz yeməklərimizə verilən qiymət deyil. Bu, həm də həyat tərzimizin, dəyərlərimizin və ictimai həmrəyliyimizin təntənəsidir. Malayziyanın səhər yeməyi mədəniyyəti ölkəmizin müxtəlifliyini, harmoniyasını, inklüzivliyini və çoxmillətli cəmiyyətində hökm sürən qarşılıqlı qəbul və anlaşma mühitini əks etdirir. UNESCO-nun meyarlarına uyğun gələn bu qeyri-maddi mədəni irs nümunəsi insanlar arasında sosial əlaqələrin möhkəmlənməsinə xidmət edir və Malayziyanın çoxmillətli ölkə kimi gücünü nümayiş etdirir”.
Səfir bildirib ki, Malayziyada səhər yeməyi, adətən, tələsik və təkbaşına həyata keçirilən gündəlik vərdiş deyil. Bu, müxtəlif mədəniyyətlərə, etnik qruplara və sosial təbəqələrə mənsub insanları bir araya gətirən canlı, kollektiv ənənədir:
“Sübh tezdən Malayziyada yol kənarındakı varunq adlanan kiçik yeməkxanalara və köşklərə, ənənəvi Çin kopitiam kafelərinə və ya sutkanın 24 saatı fəaliyyət göstərən mamak yeməkxanalarına baş çəksəniz, ölkəmizin əsl mənzərəsini görərsiniz. Hər təbəqədən olan insanlar eyni dam altında, bir masa arxasında əyləşərək banan yarpağına bükülmüş, ətirli nasi lemak, ləzzətli toyuq karisi və ya dal sousuna batırılaraq yeyilən qat-qat xırtıldayan roti canai və Malayziyanın məşhur, köpüklü südlü çayı teh tarikdən həzz alırlar. Həmin səhər yeməyi süfrələrində insanlar arasında bağlar yaranır, dostluqlar qurulur, hekayələr paylaşılır və qarşılıqlı xoş münasibət, xeyirxahlıq və birlik mənasını daşıyan milli “Muhibbah” ruhu hər səhər yenidən canlanır”.
A.Qani əlavə edib ki, yeməyin sərhədləri, coğrafi məsafələri və dil maneələrini aşmaq kimi qeyri-adi gücü var: “Bu kulinariya görüşü vasitəsilə Malayziyanın hərarətini, səxavətini və qonaqpərvərliyini Bakının qəlbinə gətirmək istəyirik. Ümid edirik ki, bu gün səhər yeməyi irsimizlə tanışlıq yalnız damaq zövqünüzü oxşamayacaq, həm də Malayziyanın zəngin mədəni rəngarəngliyini daha dərindən anlamağınıza imkan yaradacaq. Qoy bu səhər Malayziya və Azərbaycan Respublikası xalqları arasında dostluğun, mədəni xoşməramlılığın və sıx əlaqələrin möhkəmləndirilməsinə xidmət edən daha bir mənalı körpü olsun”.
Daha sonra Malayziya səhər yeməyi ənənələrini əks etdirən qısa vudeorolik təqdim edilib. Ardınca qonaqlar Malayziyanın səhər yeməyi süfrəsi ilə tanış olublar.
Pərvanə Sultanova