Bakıda mənzil tələsi Nə evə köçə bilirlər, nə də pulu geri ala bilirlər

26.01.2026

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda və ətraf ərazilərdə tikintisi yarımçıq qalmış binalar minlərlə vətəndaş üçün ciddi sosial problem olaraq qalır. Bu binalardan mənzil alan şəxslərin bir qismi illərdir nə evlərinə köçə bilir, nə də ödədikləri vəsaiti geri ala bilir. Belə vəziyyət vətəndaşları həm maddi, həm də hüquqi baxımdan çıxılmaz vəziyyətə salır.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, bu problem ölkədə çoxmənzilli binaların tikintisinə başlanılan dövrdən etibarən mövcuddur və artıq 25 ilə yaxındır davam edir:
“Təəssüf ki, bu illər ərzində effektiv qoruma mexanizmi formalaşdırılmayıb. Bir çox hallarda vətəndaşlar incidilir, onların vəsaitləri müxtəlif üsullarla mənimsənilir, dələduzluq hallarına yol verilir və qanunvericilikdə mövcud olan boşluqlardan istifadə edilərək insanlara qarşı haqsızlıq edilir”.
Ekspertin sözlərinə görə, bu vəziyyət çox zaman ağır hüquqi nəticələrlə müşayiət olunur:
“Elə hallar olub ki, şəxslər 3 il, 5 il, hətta 10 ilə qədər məhkəmə çəkişmələrində süründürülüb və nəticədə onların hüquqları tam şəkildə təmin olunmayıb”.
Elnur Azadov qeyd edib ki, problemin əsas səbəblərindən biri ölkədə natamam tikililərə ilkin qeydiyyat çıxarışlarının verilməməsidir:
“Baxmayaraq ki, 2018-ci ildə bu sahədə müəyyən qanunvericilik dəyişiklikləri edilib və ilkin qeydiyyat çıxarışlarının verilməsi, daha sonra alqı-satqı əməliyyatlarının qanuni qaydada aparılması nəzərdə tutulub, bu mexanizmlərin effektiv tətbiqi hələ də tam formalaşmayıb”.
Onun sözlərinə görə, məhz bu səbəbdən oxşar problemlər bu günə qədər davam edir və hətta ötən ilin dekabr ayının sonunda vətəndaşların hüquqlarının pozulmasına və aldadılmasına yönəlmiş yeni üsulların ortaya çıxdığı bildirilir.
Ekspert konkret nümunə kimi Bakı şəhəri, Nizami rayonunun Ş.Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində yerləşən 2535-ci məhəlləni göstərib. O bildirib ki, həmin ərazidə istismar müddəti bitmiş binaların sökülməsi və yenidən qurulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarına əsasən həyata keçirilməli idi:
“Bununla bağlı Nizami Rayon İcra Hakimiyyəti başçısının 10 mart 2016-cı il tarixli 29 nömrəli Sərəncamı ilə mövcud bina və qurğuların sökülməsi, yerində isə çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi ‘Vesta Construction’ MMC-yə həvalə edilib”.
Onun sözlərinə görə hazırda bu layihə üzrə təxminən 170 nəfərə yaxın zərərçəkmiş şəxs var:
“Aradan 10 il keçməsinə baxmayaraq, Nazirlər Kabinetinin 86 nömrəli Qərarı və 29 nömrəli Sərəncam hələ də tam icra olunmayıb. Sakinlərin sökülən evlərinə görə heç bir formada kompensasiya ödənilməyib və onlar uzun müddətdir kirayə mənzillərdə yaşamağa məcbur qalırlar”.
Ekspert əlavə edib ki, “Vesta Construction” MMC-nin təsisçisi və rəhbərliyi adından çıxış edən Ceyhun Quliyev dəfələrlə binanın qısa zamanda təhvil veriləcəyini vəd etsə də, əsas inşaat işləri 2023-cü ildə başa çatmasına baxmayaraq, texniki quraşdırma və mənzillərin təmir prosesi son üç il ərzində qəsdən uzadılıb və bu günə qədər yekunlaşdırılmayıb.
Qeyd edək ki, Bakıda və regionlarda yarımçıq qalan tikinti layihələri minlərlə ailənin sosial rifahına ciddi zərbə vurur və bu sahədə real nəzarət mexanizmlərinin tətbiqi, vətəndaş hüquqlarının effektiv qorunması zəruri hesab olunur.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью