Bakıda mənzillərin qiymət artımına səbəb nədir?

28.09.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son bir ildə Bakının 12 inzibati rayonunun hamısında mənzillərin qiyməti artıb.

Bu barədə “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” (AQC) İctimai Birliyi məlumat yayıb.

Qurumun apardığı hesablamalar zamanı əvvəlki bazar göstəriciləri, son 12 ayda formalaşmış qiymət artımı, ərazinin yerləşməsi, nəqliyyat əlçatanlığı, tikilinin yaşı və tipi, mənzilin təmir və planlaşdırma vəziyyəti, sənədləşmə və infrastruktur, rayonlar üzrə əhalinin sayı kimi əsas amillər nəzərə alınıb.

Bəs mənzil qiymətlərinin belə artmasına səbəb nədir?

Əmlak eksperti Elnur Azadov “Cebheinfo.az”-a bildirib ki, 2021-ci ildən başlayaraq ölkədə daşınmaz əmlakın qiyməti daim artmaqda davam edir:

“Bunun başlıca səbəbləri yüksək tələbat və tikinti şirkətləri tərəfindən təkliflərin azalmasıdır. 2016-cı illə 2026-cı ili müqayisə etsək, görərik ki, yeni başlayan inşaat layihələrinin sayı 8-10 dəfə azalıb. Bu, çox böyük bir azalmadır.

Bunun nəticəsində tikinti şirkətləri arasında rəqabət azalıb və tikinti şirkətləri də bazara çıxardığı az sayda əmlakı bazar dəyərindən 15-20 % daha yüksək qiymətə təklif edirlər.

Yüksələn tələbat və azalan təklif sayı qiymətlərin dayanmadan artmasına gətirib çıxarır. Ən çox qiymət artımı 2023-2024-cü illərdə qeydə alınıb. Bakı şəhərində mənzil fondunda 16-17 % bahalaşma olub. Sonrakı illərdə orta hesabla 12-14 % arasında qiymət artımı davam edir.
Mövcud bahalaşma iqtisadiyyat üçün heç də yaxşı göstərici deyil. Bəzi ekspertlər bunu inkişaf kimi təqdim edirlər, amma normadan çox bahalaşma ölkə iqtisadiyyatına çox ciddi təsir edir. 

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ayrılan kreditlərin belə həcmi çoxalır və iqtisadiyyat üçün ayrılan kifayət qədər böyük həcmdə vəsait daşınmaz əmlak sektorunda çökür. Qiymətlərin normadan çox bahalaşması bank və digər kredit, ipoteka istehlakçılarını daha çox uzunmüddətli yükləyir. İş adamlarına da təsir edir. Bunun nəticəsində bizim iqtisadiyyat aktiv inkişaf edə bilmir.

Bunun başlıca səbəb Tikinti və Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilən icazələrdir. Yaxşı olar ki, müvafiq ekspertlər və qiymətləndiricilər dəymiş zərəri də qiymətləndirsinlər. O ki qaldı rayonlar arasında müəyyən qiymətlərin dəyişməsinə, bu, normal haldır. Tələbin yüksək olduğu yerlərdə qiymətlər daha çox artır.

Məsələn, “Sea Breeze” ərazisində qiymətlər hər ilin sonuna qədər ən azı 35-40 %-dək qalxır. Həmin ərazidə olan mənzil və torpaq qiymətləri də dayanmadan artmaqdadır. Bakı şəhərində metronun “Xətai” stansiyası ərazisində də ölkə üzrə daha çox qiymət artımı qeydə alınıb. Əslində, qiymətlərin belə artması heç də yaxşı göstərici deyil”.

Ekspert qeyd edir ki, bu istiqamətdə ciddi tədbirlər görülməsə, tikinti şirkətləri üçün müvafiq şərait yaradılmasa və tikinti şirkətləri bazara kifayət qədər böyük həcmdə daşınmaz əmlak çıxarmasalar, həm kirayə, həm də satış qiymətlərinin artması dayanmadan davam edəcək.

Aişə
“Cebheinfo.az”

Açar sözlər: mənzillər Elnur Azadov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью