Bakıda məşhur xəstəxana SÖKÜLÜR? RƏSMİ AÇIQLAMA

17.11.2026

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən və uzun illər sakinlər arasında "Dəmir yol xəstəxanası" kimi tanınan tibb müəssisəsinin ərazisində söküntü işlərinin aparıldığı bildirilir.

Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Ərazidəki dəyişikliklər yerli sakinlər arasında maraq və suallar yaradıb. Xüsusilə, vaxtilə tibb müəssisəsi kimi fəaliyyət göstərmiş binanın sökülməsindən sonra həmin sahədə yaşayış binasının inşa ediləcəyi ilə bağlı iddialar müzakirə olunur.

Sakinləri maraqlandıran əsas məqam isə ərazinin gələcək təyinatı, söküntü işlərinin hansı qərar əsasında aparılması və burada yeni tikilinin inşasının nəzərdə tutulub-tutulmamasıdır.

Mövzu ilə bağlı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə müraciət etdik. Qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qabil Süleymanov küçəsində yerləşən Mərkəzi Dəmiryol Xəstəxanası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib:

"Sərəncama uyğun olaraq, xəstəxananın ərazisində Nazirliyin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə məxsus yeni infrastrukturun yaradılması nəzərdə tutulur.

Müvafiq infrastrukturun yaradılması, eləcə də xidmətlərin təşkili ilə bağlı ictimaiyyətə mərhələli şəkildə məlumat təqdim ediləcək".

Orxan Hüseyn

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью