Bakıda Özbəkistanın müstəqillik günü qeyd edilib

07.09.2026

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda Özbəkistan Respublikasının milli bayramı – Müstəqilliyin 35-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib.

525.az xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, deputatlar, diplomatik korpus rəhbərləri, ictimaiyyət nümayəndələri iştrak ediblər.

Hər iki ölkənin Dövlət himnləri səsləndikdən sonra çıxış edən Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov deyib ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Özbəkistan Hökuməti və xalqı adından Azərbaycan Prezidenti İlham Əliyevə, qardaş Azərbaycan xalqına ölkəmizə göstərilən daim diqqət, dəstək və səmimi münasibətə görə dərin minnətdarlığımı bildirirəm. 

“Müstəqilliyin 35 ili – azadlıq, quruculuq və tərəqqi yoludur. Bu gün Özbəkistan milli kimliyini, zəngin mədəni irsini və ictimai həmrəyliyini qoruyaraq müasir, açıq və rəqabətqabiliyyətli dövlət – Yeni Özbəkistan qurur. 2017-ci ildən başlayan genişmiqyaslı islahatlar iqtisadiyyat, dövlət idarəçiliyi, məhkəmə-hüquq sistemi, sosial sahə, təhsil, səhiyyə və xarici siyasəti əhatə edib. Bu dəyişikliklərin mərkəzində insan, onun ləyaqəti və imkanları dayanır. Özbəkistan dünya iqtisadiyyatına daha fəal inteqrasiya olunur, ticarət əlaqələrini möhkəmləndirir, investisiyalar cəlb edir, nəqliyyat, energetika və rəqəmsal bağlantıları inkişaf etdirir.

Dünyaya açıqlıq yeni xarici siyasətimizin əsas xüsusiyyətlərindəndir. Bu baxımdan Azərbaycanla münasibətlərimiz xüsusi əhəmiyyət daşıyır. Xalqlarımızı ümumi tarix, dil və ənənələrin yaxınlığı, mənəvi bağlılıq, səmimi qarşılıqlı rəğbət və hörmət birləşdirir. Tam əminliklə deyə bilərik ki, Özbəkistan-Azərbaycan münasibətləri diplomatik əlaqələrimizin tarixində ən dinamik və məzmunlu dövrünü yaşayır”, - səfir deyib.

O əlavə edib ki, son beş ildə iki dövlət başçısının 16 qarşılıqlı səfəri baş tutub. Prezidentlər arasında bu intensiv dialoq münasibətlərimizin sürətli inkişafına və müttəfiqlik səviyyəsinə yüksəlməsinə mühüm töhfə verib.

“Bizim dostluğumuz nəsilləri birləşdirən bağdır. Bizim müttəfiqliyimiz – gələcəyə qoyulan sərmayədir. Bu əlamətdar axşamda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, qardaş Azərbaycan xalqına sülh, firavanlıq, tərəqqi və yeni böyük uğurlar arzulamağa icazə verin! Azərbaycan çiçəklənsin! Özbəkistan çiçəklənsin! Qardaş xalqlarımızın əbədi dostluğu daha damöhkəmlənsin!

Özbəkistan-Azərbaycan müttəfiqliyi bugünkü və gələcək nəsillərin sülh, inkişaf və rifahının möhkəm təməli olsun!” 

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью