Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Bakının Nəsimi rayonunda 2001-ci ildə törədilmiş qətlin üstü açılıb. Hadisə ilə bağlı əvvəllər də qəsdən adam öldürməyə görə məhkum olunmuş Rövşən Zeynalov həbs edilib.
Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Bildirilib ki, 1961-ci il təvəllüdlü Həqiqət Məmmədovanın 2001-ci il iyunun 30-da qəsdən öldürülməsi faktı üzrə cinayət işinin icraatı təzələnib. Nəsimi rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Dindirmələr, müasir ekspertiza tədqiqatlarının nəticələrinin təhlili və digər tədbirlər nəticəsində hadisənin təfərrüatları müəyyənləşdirilib.
Toplanmış sübutlar əsasında 1976-cı il təvəllüdlü Rövşən Zeynalovun aşkar surətdə köməksiz vəziyyətdə olan Həqiqət Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr yaranıb.
R.Zeynalov oktyabrın 20-də saxlanılaraq istintaqa təhvil verilib. Oktyabrın 22-də ona Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə ittiham elan olunub.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.