Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Bakıda piyada ilə sürücü arasında qeyri-adi insident baş verib.
Bu barədə tanınmış bloqer Saleh Nəsirov məlumat paylaşıb. Hadisə "Əhmədli" metrostansiyasının yaxınlığında qeydə alınıb.
Məlumata görə, piyada keçidinə yaxınlaşan avtomobilin sürücüsü yolu keçməkdə olan piyadaya qışqıraraq ondan daha sürətli hərəkət tələb edib və təzyiq göstərib. Sürücünün bu hərəkətinə qeyri-adi reaksiya verən piyada isə qaçaraq avtomobilin üzərinə çıxıb.
Hadisəni lentə alan və 102 qaynar xəttinə məlumat verən sürücü bildirib ki, piyada oradan dərhal uzaqlaşıb:
"İrəliyə keçib avtomobili saxladım və DİN-ə məlumat verdim, lakin qarşı tərəf ərazini tərk etdi".
Belə halda hər iki tərəfi - piyada və sürücü hansı məsuliyyətinə cəlb oluna bilər?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən hüquqşünas Ruslan Mustafayev bildirib ki, həmin videonu sosial şəbəkələrdə izləyib:
“Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, yollarda bu kimi hallar tez-tez baş verir. Vətəndaşların bir-birilərinə qarşı dözümsüz davranışları bir çox hallarda bu cür xoşagəlməz situasiyalarla nəticələnir. Videodan görünür ki, sürücü piyada keçidinə yaxınlaşarkən piyadaların keçməsi üçün nəqliyyat vasitəsini dayandırır. Lakin piyadaların nisbətən asta hərəkət etməsi səbəbindən sürücü onlara daha tez hərəkət etmələrini bildirir və bunu müəyyən qədər kobud formada ifadə edir. Halbuki bu iradı daha uyğun formada bildirmək və ya bir qədər səbrli olmaq mümkün idi. Bununla belə, qanunvericilik baxımından sürücü tərəfindən səhv addım atıldığı, təhqiredici və ya açıq qanun pozuntusu olduğu hiss olunmur və görünmür.
Ümumiyyətlə, İnzibati Xətalar Məcəlləsinə əsasən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya, eləcə də yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə əlli manat məbləğində cərimə nəzərdə tutulur. Lakin videoda bu halın baş verdiyi görünmür”.
O qeyd edib ki, piyadalardan biri arxaya dönərək avtomobilin üzərinə çıxır:
“Videodan götürüldüyü kimi, sürücü hadisənin daha da böyüməməsi məqsədilə həmin ərazidən uzaqlaşmaq məcburiyyətində qalır. Videoda görünən hissəyə əsasən demək olar ki, həmin piyadanın hərəkətləri İnzibati Xətalar Məcəlləsinin tələblərini pozmaqla xırda xuliqanlıq əlamətləri daşıyır. Bu cür əməllərə görə şəxs barəsində inzibati məsuliyyət nəzərdə tutulur. Xırda xuliqanlıq törətmiş şəxsə qanunvericiliyə uyğun olaraq cərimə və ya inzibati həbs tədbiri tətbiq edilə bilər. Bu səbəbdən həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilərək iş məhkəməyə təqdim edilə bilər.
Lakin qeyd etmək lazımdır ki, bu qiymətləndirmə yalnız videoda yayımlanan hissəyə əsaslanır. Videonun əvvəlində və ya sonrasında başqa hərəkətlərin və ya sözlərin olub-olmaması məlum deyil. Sosial şəbəkələrdə yayımlanan mövcud hissəyə əsasən bu qənaətə gəlmək mümkündür”.
Gülər Həsənli
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin