Bakıda qəribə qadağa: Qazilərə niyə kirayə ev verilmir? AÇIQLAMA

19.11.2026

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sosial şəbəkələrdə kirayə mənzil elanlarında diqqətçəkən ifadələrə rast gəlinir. Belə ki, bəzi ev sahibləri elanlarında mənzilin qazilərə kirayə verilmədiyini xüsusi olaraq qeyd edirlər. Bu cür yanaşma cəmiyyətdə narazılıq doğurmaqla yanaşı, qazilərə münasibət və onların hüquqlarının qorunması məsələsini də gündəmə gətirir. 

Vətən uğrunda sağlamlığını itirmiş şəxslərə qarşı bu cür ayrı-seçkiliyin hansı səbəblərdən qaynaqlandığı müzakirə mövzusuna çevrilib. 

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında  "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, bu cür elanların verilməsi milli-mənəvi dəyərlərə uyğun deyil:

"Qazilər Vətən uğrunda, torpaq uğrunda, işğal olunmuş ərazilərin azadlığı naminə canlarından keçən, sağlamlıqlarını təhlükə altına qoyan ölkə vətəndaşları, bizim qəhrəmanlarımızdır. Sosial mediaya bu baxımdan nəzarət edilməlidir ki, belə ifadələr işlədilməsin. Ən azı bu cür ifadələr gənclərin, gələcək nəsillərin tərbiyəsinə ciddi zərbə vura, cəmiyyətdə qarşıdurma və ictimai narazılıq yarada bilər. Eyni zamanda, Vətənə və torpağa sevgi ruhunda yetişən gənc nəsil üçün çox mənfi nümunədir. Bu baxımdan hesab edirəm ki, belə elanlara qarşı tədbirlər görülməli, onların yayılmasının qarşısı alınmalı və müvafiq monitorinqlər aparılmalıdır. 

Bir çox hallarda qazilərimiz Vətən uğrunda apardıqları mübarizə, iştirak etdikləri müharibə və hazırda düşdükləri müəyyən psixoloji durum səbəbindən kirayə mənzillərin ödənişinin vaxtında həyata keçirilməsi və ya onlara kirayə verilən əmlakın qorunması ilə bağlı ev sahibləri ilə problemlər yaşaya bilərlər. Bu, yalnız qazilərə aid deyil, digər kateqoriyadan olan vətəndaşlarla da belə hallar baş verə bilər”.

Vüqar Oruc əlavə edib ki, mənzil sahibləri bir çox hallarda təmirin qorunmasına, əmlaka zərər dəyməməsinə, ödənişlərin vaxtında edilməsinə və qonşularla münasibətlərdə həssaslığın qorunmasına daha çox diqqət yetirirlər:

"Ola bilsin ki, məhz bu səbəbdən bəzi yerlərdə yalnız ailəli şəxslərə kirayə verilməsi ilə bağlı elanlara rast gəlinir. Təbii ki, konkret ev sahibinin öz mülkiyyətində olan mənzili kimə kirayə verib-verməyəcəyini müəyyənləşdirmək hüququ var. Heç kim ona öz mənzilini kiməsə kirayə verməyi məcbur edə bilməz. Sadəcə, bu cür elanların ictimaiyyətə təqdim olunmasının ciddi problemləri var. Belə elanların yayılması cəmiyyətdə sosial ayrı-seçkilik və mənəvi məsuliyyət məsələsini gündəmə gətirir. Vətən uğrunda xidmət etmiş insanların mənzil bazarında bu cür münasibətlə qarşılaşması onların sosial adaptasiyasına və cəmiyyətə inteqrasiyasına mənfi təsir göstərə bilər. Bunu da nəzərə almaq lazımdır. Hər məsələnin iki tərəfi var və qanun çərçivəsində həllini tapmalıdır. Bunun üçün şəffaf müqavilə mexanizmləri gücləndirilməli, bütün kirayə münasibətləri qanunla tənzimlənməlidir. Kirayəçi və ev sahibi kimliyindən asılı olmayaraq, tərəflər müqavilənin şərtlərinə əməl etməlidirlər. 

Əsas problem isə ondan ibarətdir ki, ölkədə bir çox hallarda kirayə müqavilələri şifahi şəkildə, heç bir rəsmi sənəd olmadan bağlanır. Məhz bu da belə problemlərin yaranmasına səbəb olur.

Unutmaq lazım deyil ki, qazilərin cəmiyyətə inteqrasiyası yalnız dövlətin üzərinə düşən vəzifə deyil, eyni zamanda bütün cəmiyyətin, bütövlükdə ölkənin məsuliyyətidir. Bu münasibətlər qanunla tənzimlənməli, insanlara münasibətdə xüsusi ayrı-seçkilik meyarları formalaşmamalıdır. Başqa sözlə, hansısa kateqoriyadan olan şəxslərə mənzil verilməsi, digərlərinə isə verilməməsi kimi yanaşma olmamalıdır”.

Aynur Babazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью