Bakıda sağlamlıq turizminin inkişafı və təşviqi müzakirəsi

05.11.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Beynəlxalq Sağlamlıq Turizmi Konfransının məqsədi Almaniya, Avstriya, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Türkiyə, İspaniya, Çexiya və digər ölkələrdən dövlət qurumlarının, səhiyyə müəssisələrinin, turizm sənayesinin təmsilçilərini və beynəlxalq ekspertləri bir araya gətirərək Azərbaycanın tibbi turizm və sağlam yaşam turizmi potensialının beynəlxalq səviyyədə tanıdılması, təcrübə mübadiləsinin təşviqi və yeni əməkdaşlıq əlaqələrinin qurulmasına dəstək verməkdir.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycanın sağlamlıq turizmi sahəsindəki potensialından, bu istiqamətin inkişafında dövlət dəstəyinin əhəmiyyətindən və qarşıda duran prioritetlərdən bəhs edib. O, ölkənin təbii müalicəvi resurslarının, tibbi infrastrukturunun və tarixi-mədəni irsinin sağlamlıq turizmi məhsullarının şaxələndirilməsi üçün mühüm imkanlar yaratdığını bildirib.

Tibbi turizmin səhiyyə, iqtisadiyyat və beynəlxalq əməkdaşlığın kəsişməsində dayanan, geniş inkişaf potensialına malik sahə olduğunu deyən səhiyyə naziri Anar Bayramov Azərbaycanın regional tibbi turizm mərkəzinə çevrilməsi üçün əlverişli coğrafi mövqeyin, tibbi infrastrukturun, ixtisaslı mütəxəssislərin və turizm imkanlarının olduğunu diqqətə çatdırıb.

Konfransa videomüraciət ünvanlayan Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus tibbi turizmin inkişafı ilə yanaşı, pasiyentlərin sağlamlığının və təhlükəsizliyinin qorunmasının, tibbi xidmətlərin keyfiyyətinin və müalicədən sonrakı tibbi dəstəyin təmin edilməsinin vacibliyini vurğulayıb. O, sağlamlıq turizminin milli səhiyyə sisteminin məqsədlərini dəstəkləməli olduğunu qeyd edərək Azərbaycanın səhiyyə və turizm sektorları arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini alqışlayıb.

İki gün davam edən konfransda tibbi turizmin inkişafı üzrə strateji prioritetlər, Azərbaycanın beynəlxalq bazarlarda mövqeyinin gücləndirilməsi və bu sahədə dövlət qurumları, səhiyyə müəssisələri və digər maraqlı tərəflərin birgə fəaliyyəti, tibbi xidmətlərin keyfiyyəti, marketinq və rəqəmsal həllərin tətbiqi mövzularında müzakirələr aparılır.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью