Bakıda sakinlər etiraz edir

06.08.2026

Icma.az, Azpost saytına istinadən bildirir.

Bakının Suraxanı rayonu, Şövqiyar Abdullayev küçəsinin sakinləri yaşadıqları ərazidə yolun uzun illərdir bərbad vəziyyətdə qalmasından şikayətçidirlər. Onların sözlərinə görə, aidiyyəti qurumlara dəfələrlə edilən müraciətlərə baxmayaraq, problem hələ də həllini tapmayıb.

Sakinlərin bildirdiyinə görə, küçənin asfaltlanması üçün kollektiv şəkildə Suraxanı bələdiyyəsinə rəsmi müraciət edilib. Müraciət bələdiyyə sədri Nəsib İsmayılov tərəfindən qəbul olunub və onlara məsələnin baxılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) göndərildiyi bildirilib.

Lakin sakinlərin iddiasına görə, həmin vaxtdan etibarən nə AAYDA tərəfindən rəsmi cavab verilib, nə də yolun təmiri ilə bağlı hər hansı tarix açıqlanıb.

“Heç olmasa bizə cavab versinlər”

Küçə sakinləri deyirlər ki, dəfələrlə Agentliyə müraciət etsələr də, nəticə əldə edə bilməyiblər. Onlar ən azından yolun asfaltlanmasının planlaşdırılıb-planlaşdırılmadığını və layihənin nə vaxt icra olunacağını bilmək istədiklərini bildirirlər. “Bizə nə ‘yolu çəkəcəyik’ deyən var, nə də ‘çəkməyəcəyik’. Tam qeyri-müəyyən vəziyyət yaranıb. İnsanlar bilmirlər ki, gözləsinlər, yoxsa başqa çıxış yolu axtarsınlar”, – deyə sakinlər bildirirlər.

Yağış yağanda küçədən keçmək mümkün olmur

Sakinlərin sözlərinə görə, küçədə yaranmış iri çala və çuxurlar həm piyadalar, həm də sürücülər üçün ciddi təhlükə yaradır. Yay aylarında toz-torpaq gündəlik həyatı çətinləşdirir, yağışlı havalarda isə yol palçığa çevrilərək hərəkəti demək olar ki, mümkünsüz edir.

Onlar xüsusilə qarşıdan gələn payız mövsümü və yeni dərs ilinin başlanmasından narahat olduqlarını bildirirlər. Məktəblilər hər gün bu yararsız yoldan istifadə etməli olacaq, yağışlı günlərdə isə məktəbə getmək daha da çətinləşəcək.

Avtomobillərə də ziyan dəyir

Yolun bərbad vəziyyəti sürücülərə də əlavə problemlər yaradır. Çala və çuxurlar avtomobillərin asqı sistemi, təkərləri və digər hissələrinin sıradan çıxmasına səbəb olur. Bir çox sürücülər zədələnməmək üçün həmin hissələrdə sürəti minimuma endirməyə məcbur qalırlar.

Öz hesablarına təmir etsələr də…

Sakinlər bildirirlər ki, problemin həlli üçün öz imkanları hesabına bir neçə dəfə iri çuxurları daş və çınqılla doldurmağa çalışıblar. Lakin bu tədbirlər uzunömürlü olmayıb. İlk yağışdan və ya intensiv nəqliyyat hərəkətindən sonra yol yenidən əvvəlki vəziyyətinə qayıdıb.

Onların fikrincə, problemin yeganə həlli küçənin tam şəkildə asfaltlanmasıdır.

AAYDA-dan cavab gözlənilir

Sakinlər aidiyyəti dövlət qurumlarına müraciət edərək problemlərinin diqqətdə saxlanılmasını, müraciətlərinə rəsmi cavab verilməsini və Şövqiyar Abdullayev küçəsinin qısa müddətdə asfaltlanması ilə bağlı konkret addımların atılmasını xahiş edirlər.

Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu göndərilib. Sorğuda küçənin asfaltlanmasının Agentliyin iş planına daxil olub-olmaması, layihənin icra vaxtı və sakinlərin müraciətlərinə indiyədək niyə cavab verilmədiyi ilə bağlı suallar ünvanlanıb.

Agentliyin cavabı daxil olduqdan sonra qarşı tərəfin mövqeyi də dərc ediləcək.

AzPost.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью