Bakıda səs küy problemi niyə artır? Ekspert AÇIQLADI

11.09.2026

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda səs-küy çirklənməsi şəhər mühitində diqqətdən kənarda qalan, lakin insanların gündəlik həyatına və sağlamlığına təsir göstərə bilən problemlərdən biridir. Xüsusilə şəhər mərkəzində avtomobil siqnalları və intensiv nəqliyyatın yaratdığı səs-küy həm sakinlər, həm də şəhərə gələn qonaqlar üçün narahatlıq yaradır.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev şəhərdə səs-küy çirklənməsi məsələsinə diqqət çəkib.

Ekspert bildirib ki, Bakıda keçirilən beynəlxalq tədbirlər zamanı şəhərin mərkəzində yüksək səs-küy səviyyəsi ilə bağlı xarici iştirakçılardan da narazılıqlar eşidilib.

Səs-küy məsələsinə yalnız komfort problemi kimi yanaşmaq düzgün deyil. Şəhər mühitində səs-küy ictimai sağlamlıq və həyat keyfiyyəti baxımından da əhəmiyyətli məsələdir.

Rauf Ağamirzəyev qeyd edib ki, Bakının səs-küy xəritəsinin hazırlanması istiqamətində artıq müəyyən addımlar atılıb. WUF13 çərçivəsində “Azərkosmos”un təqdimatında Bakının səs-küy xəritəsinin nümayiş etdirilməsi şəhərdə bu problemin məkan üzrə təhlilinin mümkün olduğunu göstərib.

Ekspert bildirib ki, səs-küyün əsas mənbələri sırasında avtomobil və avtobusların hərəkəti, əsassız avtomobil siqnallarından istifadə, tikinti və təmir işləri, dəmir yolu, aviasiya, sənaye və digər şəhər fəaliyyətləri yer alır.

Rauf Ağamirzəyev hesab edir ki, Bakıda səs-küy probleminin həlli üçün məlumatlara əsaslanan yanaşma tətbiq olunmalıdır. Bunun üçün səs-küy xəritələrinin mütəmadi yenilənməsi, yüksək səs-küy səviyyəsinin qeydə alındığı ərazilərin və əsas mənbələrin müəyyənləşdirilməsi vacibdir.

“Xüsusilə məktəblər, xəstəxanalar və yaşayış məhəllələri kimi həssas ərazilərdə səs-küyün azaldılması üçün xüsusi tədbirlər görülməlidir. Nəqliyyat siqnallarından əsassız istifadəyə nəzarət gücləndirilməli, yol örtüyünün, nəqliyyat axınının və sürət rejiminin səs-küyə təsiri ayrıca qiymətləndirilməlidir”, – deyə ekspert vurğulayıb.

Müasir şəhər nəqliyyatı siyasəti yalnız tıxacların azaldılmasına və hərəkətin sürətləndirilməsinə fokuslanmamalıdır. Şəhər sakinlərinin rahatlığı, sağlamlığı və təhlükəsizliyi üçün səs-küy çirklənməsinin də nəzərə alınması vacibdir.

“Şəhərin rahatlığı yalnız tıxacın olmaması deyil. Sakit və sağlam şəhər mühiti də nəqliyyat siyasətinin bir hissəsidir”, – Rauf Ağamirzəyev əlavə edib.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью