Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Son vaxtlar paytaxtda elektrikli skuterlərdən istifadə geniş yayılıb. Lakin bu nəqliyyat vasitələrinin yollarda yaratdığı təhlükəli vəziyyət narahatlıq doğurur. Vaxtaşırı skuterlər qəza törədir, ölüm hadisələri də olur. Bir gün öncə növbəti belə dəhşətli hadisə baş verdi.
Bəs sürücülərin, piyadaların və skuter istifadəçilərinin təhlükəsizliyini təmin etmək üçün hansı addımlar atılmalıdır?
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rüfət Əmiraslanov məsələ ilə bağlı Oxu.Az-a danışıb.
O bildirib ki, elektrikli skuterlərlə bağlı problemlərə yalnız qadağalar prizmasından yanaşmaq düzgün deyil. Əsas məqsəd mikromobillik vasitələrinin şəhər nəqliyyat sisteminə təhlükəsiz inteqrasiyasını təmin etməkdir.
Ekspertin sözlərinə görə, Bakıda son dövrlərdə mikromobillik infrastrukturunun yaradılması və təhlükəsizlik tədbirlərinin tətbiqi müsbət qiymətləndirilməlidir:
"Beynəlxalq təcrübə göstərir ki, elektrikli skuterlər və velosipedlərlə bağlı məsələlər təkcə Azərbaycana xas deyil. Bu vasitələrdən geniş istifadə olunan ölkələrdə də yol-nəqliyyat hadisələri və xəsarət halları müzakirə mövzusudur. Mikromobillik vasitələrinin sayının artması təhlükəsiz infrastrukturun, düzgün hərəkət təşkilinin və qarşılıqlı məsuliyyətin əhəmiyyətini daha da artırır. Velosiped zolaqları riskləri azaltmağa kömək etsə də, bütün hadisələrin qarşısını təkbaşına ala bilmir".
R.Əmiraslanov problemin həlli üçün yaradılmış infrastrukturdan səmərəli istifadənin və bütün yol hərəkəti iştirakçılarının qaydalara əməl etməsinin vacibliyini vurğulayıb:
"Paytaxtda velosiped və skuter zolaqlarının qoruyucu sədlərlə ayrılması, yol nişanlarının və nişanlanma xətlərinin tətbiqi, eləcə də bəzi nizamlanan yolayrıclarında velosipedçilər üçün xüsusi işıqforların quraşdırılması təhlükəsizliyin artırılması istiqamətində mühüm addımlardır. Bu tədbirlər mikromobillik istifadəçilərinin hərəkətini daha aydın müəyyənləşdirir və avtomobillərlə toqquşma riskini azaltmağa xidmət edir. Xüsusilə avtomobil sürücüləri nəzərə almalıdırlar ki, velosiped və skuter istifadəçiləri də yol hərəkətinin iştirakçılarıdır və onların təhlükəsiz hərəkət hüququ var. Sürücülər mikromobillik zolaqlarına, yol nişanlarına və nişanlanma xətlərinə hörmətlə yanaşmalı, yolayrıclarında və dönmə manevrləri zamanı daha diqqətli olmalıdırlar. Eyni zamanda, skuter istifadəçiləri də yol hərəkəti qaydalarına əməl etməli, piyadaları, özlərini və avtomobil sürücülərini riskə atmamalıdırlar.
Bununla yanaşı, skuterlərin sürətinə nəzarətin gücləndirilməsi, piyadaların sıx olduğu ərazilərdə onların hərəkətinin məhdudlaşdırılması və maarifləndirmə tədbirlərinin artırılması da vacibdir. Mikromobillik vasitələri şəxsi avtomobillərə alternativ olmaqla yanaşı, ictimai nəqliyyatla inteqrasiya edilərək şəhər nəqliyyatının daha dayanıqlı təşkilinə töhfə verə bilər.
Elektrikli skuterlərlə bağlı risklərin aradan qaldırılması ümumi qadağalardan daha çox yol hərəkəti qaydalarına riayət olunması və vətəndaşların məsuliyyətli davranışı ilə mümkündür. Bu istiqamətdə görülən işləri inkişaf etdirməklə hər kəs üçün daha təhlükəsiz yol mühiti formalaşdırıla bilər".