Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakının Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 9 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinin tarixi giriş qapısının sökülərək şüşə konstruksiya ilə əvəzlənməsi ilə bağlı müdaxiləyə son qoyulub. Hazırda qədim qapı ilkin görünüşü qorunmaqla əvvəlki yerinə bərpa edilir.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən açıqlama verilib.
Qurumun nümayəndəsi Fariz Hüseynlinin sözlərinə görə, tarixi qapının bərpası ilə bağlı layihə 2025-ci ilin may ayında təsdiqlənib və müvafiq razılıq əsasında işlər aparılıb.
Lakin 2026-cı ilin oktyabrında qapının yerindən çıxarılaraq əvəzinə şüşə konstruksiyalı giriş quraşdırıldığı aşkarlanıb. Bundan sonra aidiyyəti şəxslərə xəbərdarlıq edilib və tarixi qapının əvvəlki yerinə qaytarılması tələb olunub.
Məlum olub ki, şüşə konstruksiyanın üzərinə taxta qapı təsviri olan vinil örtük də yerləşdirilib. Qurum həmin örtüyün də götürülməsini tələb edib.
Fariz Hüseynli bildirib ki, qanun pozuntusuna yol verildiyinə görə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib.
Qeyd edək ki, tarixi qapının sökülməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılmış və ictimai narazılığa səbəb olmuşdu.
Baku TV-nin məsələni işıqlandırmasından sonra ərazidə vəziyyət yenidən diqqət mərkəzinə düşüb.