Bakıda svetoforlar belə işləsə, tıxaclar azala bilər Ekspertdən AÇIQLAMA

22.09.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bakı şəhərində nəqliyyat sıxlığı günü-gündən artır və xüsusilə səhər və axşam pik saatlarında bir sıra əsas prospekt və küçələrdə hərəkət sürəti ciddi şəkildə aşağı düşür. Belə şəraitdə “yaşıl dalğa” sisteminin tətbiqi tıxacların idarə olunmasında effektiv vasitələrdən biri ola bilər. Yaşıl dalğa sistemi işıqforların bir-biri ilə əlaqəli və koordinasiyalı şəkildə işləməsi deməkdir: avtomobil müəyyən edilmiş optimal sürətlə hərəkət etdikdə ardıcıl yolayrıclarında yaşıl işığa düşür və hər işıqforda dayanmaq məcburiyyətində qalmır. Bu, ilk növbədə, avtomobillərin lazımsız dayanıb yenidən hərəkətə başlamalarının sayını azaldır, yolun buraxıcılıq qabiliyyətindən daha səmərəli istifadə etməyə imkan verir, hərəkətin axıcılığını artırır, yanacaq sərfiyyatını və atmosferə atılan tullantıları da müəyyən qədər azalda bilər".

Bu barədə Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirdi.

Onun sözlərinə görə, yaşıl dalğanı Bakıdakı tıxac problemini tam həll edəcək vasitə kimi qiymətləndirmək düzgün olmaz:

"Əgər yolun qarşıdakı hissəsi artıq doludursa, avtomobil sayı həmin küçə və prospektin faktiki buraxıcılıq imkanını aşırsa, yolayrıclarında düzgün olmayan manevrlər, ikinci cərgədə dayanma, parklanma, qəza və digər maneələr varsa, işıqforların ideal koordinasiyası belə tıxacı aradan qaldıra bilməz. Hətta sistem düzgün hesablanmadıqda, bir istiqamətə üstünlük verilməsi kəsişən küçələrdə daha böyük növbələrin yaranmasına səbəb ola bilər. Buna görə Bakıda sadəcə işıqforların vaxtını əvvəlcədən müəyyən edib eyni rejimdə işlətmək deyil, real vaxt məlumatlarına əsaslanan adaptiv yaşıl dalğa sisteminin qurulması daha məqsədəuyğun olardı. Kameralar, sensorlar və digər rəqəmsal vasitələrlə hər bir istiqamətdə avtomobil axını, növbənin uzunluğu və orta hərəkət sürəti müəyyən edilməli, işıqfor fazaları mövcud vəziyyətə uyğun avtomatik dəyişdirilməlidir".

Müsahibimiz bildirdi ki, səhər saatlarında şəhər mərkəzinə daxil olan istiqamətlərdə, axşam isə əks istiqamətdə nəqliyyat yükü fərqli olduğuna görə, eyni işıqfor proqramının bütün gün ərzində tətbiqi effektiv nəticə verməyə bilər:

"Yaşıl dalğanın tətbiq ediləcəyi küçə və prospektlər də ayrıca seçilməlidir; bir-birinə yaxın və ardıcıl işıqforların yerləşdiyi, nəqliyyat axınının əsasən eyni istiqamətdə davam etdiyi magistral küçələrdə bu sistem daha yaxşı nəticə verə bilər. Bununla yanaşı, avtobusların hərəkəti də sistemə inteqrasiya edilməli, ictimai nəqliyyatın üstünlüyü nəzərə alınmalı, piyada keçidlərinin təhlükəsizliyi isə heç bir halda avtomobil axınının sürətləndirilməsinə qurban verilməməlidir. Digər mühüm məsələ sürət rejimidir. Yaşıl dalğa sürücüyə “daha sürətli getsəm, növbəti yaşıl işığa çataram” mesajı verməməlidir; əksinə, elektron lövhələr və ağıllı idarəetmə vasitəsilə sürücüyə, məsələn, müəyyən edilmiş qanuni və təhlükəsiz sürətlə hərəkət etdikdə növbəti işıqforlarda yaşıl işığa düşəcəyi göstərilə bilər. Bu, həm nəqliyyatın ritmini sabitləşdirər, həm də sürücülərin işıqfora çatmaq üçün qəfil sürətlənib sonra kəskin əyləc etməsinin qarşısını müəyyən qədər ala bilər".

A.Nəbiyev hesab edir ki, Bakı üçün əsas yanaşma ayrı-ayrı işıqforların deyil, bütöv nəqliyyat dəhlizlərinin idarə olunması olmalıdır:

"Bir prospektdə yaşıl dalğa yaradıb onun sonunda nəqliyyatın başqa bir yolayrıcında yığılmasına səbəb oluruqsa, problemi həll etmiş olmuruq, sadəcə tıxacın yerini dəyişmiş oluruq. Ona görə sistem əvvəlcə ən problemli nəqliyyat dəhlizlərində pilot şəkildə tətbiq edilməli, tətbiqdən əvvəl və sonra orta hərəkət sürəti, işıqforda gözləmə müddəti, növbələrin uzunluğu və həmin yolun saatlıq buraxıcılıq göstəriciləri ölçülməlidir. Nəticə müsbət olarsa, sistem mərhələli şəkildə genişləndirilə bilər. Ümumilikdə, düzgün layihələndirilmiş və real vaxt rejimində idarə olunan yaşıl dalğa sistemi Bakıda tıxacları tam aradan qaldırmasa da, xüsusilə işıqforların yaratdığı süni ləngimələri azaltmaq, hərəkəti daha ritmik və proqnozlaşdırılan etmək baxımından ciddi fayda verə bilər. Lakin bunun maksimum effekt verməsi üçün ağıllı işıqfor idarəetməsi avtobus zolaqları, düzgün parklanma siyasəti, yolayrıclarının buraxıcılıq qabiliyyətinin artırılması, ictimai nəqliyyatın inkişafı, yol hərəkətinin operativ idarə olunması və pik saatlarda nəqliyyat tələbatının düzgün bölüşdürülməsi ilə vahid sistem şəklində həyata keçirilməlidir. Yəni yaşıl dalğa tıxac probleminin tək həlli deyil, amma Bakı kimi avtomobil yükü yüksək olan şəhərdə düzgün tətbiq edilərsə, ümumi nəqliyyat idarəetmə sisteminin çox vacib və effektiv elementlərindən birinə çevrilə bilər".

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью