Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 9 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinin tarixi giriş qapısı bərpa edilərək əvvəlki yerinə quraşdırılır.
Bu barədə APA-ya Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, qapının bərpası ilə bağlı layihə 2025-ci ilin may ayında Dövlət Xidmətinə təqdim edilib və qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiq olunub. Qapı təsdiq edilmiş layihəyə əsasən bərpa edilib yerinə quraşdırılsa da, 2026-cı ilin oktyabr ayında onun sökülərək şüşə konstruksiya ilə əvəz edildiyi aşkar edilib.
Bildirilib ki, bununla bağlı binanın memarlıq kompozisiyasının tərkib hissəsi olan giriş qapısının qısa müddətdə əvvəlki yerinə qaytarılması tələb olunub.
“Bu müddətdə isə şüşə konstruksiyanın üzərində müvəqqəti olaraq taxta qapı görüntüsü yaradan vinil örtük vurulub. Sözügedən fakt aşkar edildikdən sonra vinil örtük sökülsə də, iki gün əvvəl yenidən həmin örtüyün vurulduğu müəyyən edilib.
Hazırda tarixi abidənin giriş qapısı Dövlət Xidməti tərəfindən orijinallığı və ilkin görünüşü qorunmaqla bərpa edilərək öz yerinə quraşdılır.
Eyni zamanda, qanunvericiliyin tələblərinin pozulması faktı ilə bağlı inzibati protokol tərtib edilib”, - Dövlət Xidmətinin məlumatında deyilir.