Bakıda tələbə yataqxanası problemi niyə həll olunmur? Ekspertdən TƏKLİFLƏR

11.08.2026

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sentyabr ayının yaxınlaşması ilə tələbələrin Bakıya axını da başlayacaq. Artıq indidən bir çox tələbə kirayə mənzil axtarışına çıxıb. Lakin paytaxtda kirayə qiymətlərinin yüksək olması tələbələri bir otaqda 4-5 nəfər yaşamağa məcbur edir.

Bəs tələbələr üçün yataqxana problemi niyə illərdir tam həllini tapmır? Tələbələrin münasib qiymətə və normal şəraitdə yataqxana ilə təmin olunması üçün hansı addımlar atılmalıdır? Problemin həllində dövlətin və ali təhsil müəssisələrinin üzərinə hansı vəzifələr düşür?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirdi ki, Azərbaycanda tələbələrin yataqxana problemi çoxşaxəli sosial-iqtisadi, struktur və urbanistik amillərlə bağlıdır:

"Sentyabr ayında Bakıya kütləvi axın zamanı kirayə mənzil bazarında süni qiymət artımı və bir otaqda 4-5 tələbənin sığınmaq məcburiyyətində qalması problemin aktuallığını hər il yenidən gündəmə gətirir. Problemin bu günə qədər tam həllini tapmamasının arxasında bir neçə əsas faktor dayanır. SSRİ dövründən qalan bir çox yataqxana binaları uzun illər qaçqın və məcburi köçkünlərin məskunlaşması funksiyasını yerinə yetirib və bu müddət ərzində binaların daxili infrastrukturu köhnəlib, bəziləri isə qəzalı vəziyyətə düşüb. Eyni zamanda, köçürülmə prosesindən sonra həmin binaların əsaslı təmiri və yenidən tikilməsi böyük kapital qoyuluşu tələb edir. Digər tərəfdən, ali təhsil müəssisələrinin əksəriyyəti tam kommersiya yönümlü fəaliyyət göstərmir və özünü maliyyələşdirən büdcələri böyük yataqxana kompleksləri tikməyə imkan vermir. Dövlət büdcəsindən ayrılan vəsait isə ilkin mərhələdə təhsilin keyfiyyətinə və elmi infrastruktura yönəldilir".

Müsahibimiz xatırlatdı ki, universitetlərin, demək olar ki, 90 faizi paytaxt Bakıda cəmləşib:

"Şəhər mərkəzində torpaq sahələrinin məhdud və bahalı olması universitetlərin yeni yataqxanalar tikmək imkanlarını kəskin məhdudlaşdırır. Tikinti şirkətləri üçün tələbə yataqxanası tikmək iqtisadi cəhətdən də cəlbedici deyil. Çünki tələbələrdən alınacaq aylıq ödəniş azdır və qoyulan investisiyanın geri qayıtma müddəti digər yaşayış binaları ilə müqayisədə çox uzun çəkir. Bu problemin sistemli şəkildə həll edilməsi üçün dövlət, universitetlər və özəl sektorun üçtərəfli tərəfdaşlığına əsaslanan mexanizmlər tətbiq edilməlidir. Özəl tikinti şirkətlərini bu prosesə cəlb etmək üçün bəzi iqtisadi stimullara ehtiyac var. Tələbə yataqxanası tikən və idarə edən şirkətlər müəyyən müddətə, tutaq ki, 5-10 il müddətinə, mənfəət və əmlak vergisindən azad edilə bilər. Dövlət və ya yerli icra hakimiyyətləri yataqxana tikintisi üçün kommunikasiya xətləri hazır olan torpaq sahələrini özəl sektora təmənnasız və ya simvolik qiymətə verə bilər. Hətta bu, uzunmüddətli icarə əsasında da mümkündür.

Yataqxanaların tikintisi zamanı alternativ olaraq sosial müdafiə mexanizmi də qurula bilər. Regionlardan gələn və sosial həssas qrupa daxil olan tələbələrə dövlət tərəfindən müəyyən məbləğdə təhsil subsidiyası, hətta kirayə dotasiyası verilə bilər. Bu, tələbələrin özəl yataqxanalarda və hostellərdə qalmaq xərclərini kompensasiya edə bilər. Eyni zamanda, növbəti bir addım universitet kampuslarının şəhər kənarına köçürülməsidir ki, bu da böyük vəsait tələb edir. Dünya təcrübəsində olduğu kimi, böyük universitet şəhərcikləri Bakının kənarına və ya Bakıdan kənara köçürülə bilər. Bu ərazilərdə geniş torpaq sahələri olduğu üçün eyni vaxtda həm tədris binaları, həm də minlərlə tələbəni yerləşdirəcək müasir yataqxanalar tikmək daha ucuz başa gələ bilər. Şəhər mərkəzinin nəqliyyat və demoqrafik baxımdan müəyyən qədər seyrəlməsi də mümkün olar. Əlbəttə, bütün bunlar arzu və ya təkliflərdir. Eyni zamanda, böyük vəsait hesabına həyata keçirilə biləcək işlərdir".

Onun sözlərinə görə, universitetlərin maliyyə muxtariyyəti gücləndirilməli və onlara dövlət zəmanətli, aşağı faizli, uzunmüddətli kreditlər təklif olunmalıdır. Universitet bu kredit hesabına öz yataqxanasını tikməli, tələbələrin ödədiyi minimum məbləğlər hesabına həmin krediti uzun illər ərzində sistemli şəkildə ödəməlidir.

"Tələbələrin yataqxana problemi sadəcə bir məskunlaşma məsələsi deyil. Bu, insan kapitalının keyfiyyətinə, tələbənin akademik göstəricilərinə və ölkənin gələcək elmi potensialına birbaşa təsir edən sosial və strateji problemdir. Antisanitar və sıxlıq şəraitində yaşayan tələbədən yüksək elmi nəticə və innovativ düşüncə gözləmək xeyli çətindir və qeyri-real görünür. Problemin həlli təkcə dövlətin üzərinə buraxılmamalı, makroiqtisadi tənzimləmə alətləri ilə özəl sektor üçün cəlbedici biznes modelinə çevrilməlidir. Bu istiqamətdə, hesab edirəm ki, Türkiyə Respublikasının məhz bu sahədəki sistemini və Avropa təhsil kampusu modellərini öyrənmək olar. Həmin təcrübə əsasında Azərbaycanda problemin həllinə doğru addımlar atmaq mümkündür", - deyə fəlsəfə doktoru sonlandırdı.

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью