Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün Bakıda Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Azərbaycan İdman Akademiyasının (ASA) təşkilatçılığı, UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasının tərəfdaşlığı ilə "Təmiz idman uğrunda" forumu keçirilib.
Bu barədə Moderator.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
"İdmanda dürüstlük, ədalətli oyun və dopinqlə mübarizə" şüarı ilə keçirilən forumun açılış mərasimində UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 10-cu Sessiyasının (COP10) sədri, gənclər və idman naziri Fərid Qayıbov, UNESCO-nun Sosial siyasət və inklüzivlik üzrə direktoru Qustavo Merino, İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyanın icraçı katibi, Türkiyənin gənclər və idman nazirinin müavini, COP10 Bürosunun məruzəçisi Safa Koçoğlu Gürsoy və ASA-nın rektoru Fuad Hacıyev çıxış ediblər.
Tədbirin əsas məqsədi təmiz idman prinsiplərinin təşviqi, ədalətli rəqabət mühitinin qorunması, idmançıların sağlamlığının və hüquqlarının müdafiəsi, eləcə də antidopinq sahəsində maarifləndirmənin gücləndirilməsidir. Bununla yanaşı, idman mühitində məsuliyyətli yanaşmanın formalaşdırılması və təmiz idman dəyərlərinin geniş şəkildə təbliği tədbirin əsas məqsədlərindəndir.
Forum işini "Qlobal antidopinq sisteminin iş prinsipləri: WADA, UNESCO Konvensiyası və beynəlxalq əməkdaşlıq mexanizmləri" adlı sessiya ilə davam etdirib. AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə, UNESCO-nun Sosial siyasət və inklüzivlik üzrə direktoru Qustavo Merino, Ümumdünya Antidopinq Agentliyinin (WADA) Hökumətlərlə əlaqələr üzrə direktoru Darren Mullali və Avropa Şurasının Antidopinq Bölməsinin rəhbəri Jami Braun təqdimatlarla çıxış ediblər.
Sonra Təhminə Tağı-zadənin moderatorluğu ilə "Beynəlxalq əməkdaşlıq vasitəsilə səmərəli milli antidopinq sistemlərinin qurulması" adlı mütəxəssislər panelinə start verilib.