Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır.
Bununla bağlı məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlədiyi Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planında öz əksini tapıb.
Plana uyğun olaraq sözügedən müddətdə çevik iş rejimi modellərinin tətbiqi ilə bağlı normativ hüquqi akt layihələri hazırlanmalıdır və aidiyyəti üzrə təqdim edilməlidir.
Proqramın icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.Çevik iş vaxtı rejiminin tətbiqi Bakıda tıxacların azalmasına real təsir göstərə bilərmi?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev bildirib ki, dövlət və özəl sektorda işə başlama saatlarının mərhələli şəkildə fərqləndirilməsi Bakıda tıxacların azaldılması üçün ən effektiv və nisbətən aşağı xərc tələb edən idarəetmə üsullarından biri ola bilər:
“Bakıda səhər saat 07:30–09:30 və axşam 17:30–19:30 aralığında nəqliyyat yükünün əsas səbəbi 10 minlərlə insanın eyni vaxtda işə və məktəbə getməsidir. Bu zaman yolların buraxıcılıq qabiliyyəti dəyişməsə də, həmin yollardan istifadə edənlərin hamısı eyni saatlarda hərəkət etdiyinə görə tıxac yaranır.
Əgər dövlət qurumlarının bir hissəsi, özəl sektorun müəyyən sahələri və iri müəssisələr işə fərqli saatlarda, məsələn, 08:00, 09:00 və 10:00-da başlasalar, nəqliyyat axını zaman üzrə bölünər.
Bu isə gur saatlarda yol şəbəkəsinə düşən yükü azaldar, avtomobillərin orta hərəkət sürətini artırar və ictimai nəqliyyatın da daha qrafik üzrə işləməsinə kömək edər.
Beynəlxalq təcrübə göstərir ki, çevik iş saatlarının geniş tətbiqi tıxacların və səyahət müddətinin azalmasına müsbət təsir göstərə bilir, lakin nəticə şəhərin xüsusiyyətlərindən və tətbiqin miqyasından asılıdır”.
Onun sözlərinə görə, Bakıda bunun real nəticə verməsi üçün yalnız iş saatlarını dəyişmək kifayət deyil:
“Bu proses məktəblərin, universitetlərin, metro və avtobus qrafiklərinin, eləcə də iri biznes mərkəzlərinin iş rejimi ilə əlaqələndirilməlidir. Əks halda insanların böyük hissəsi yenə eyni vaxtda yola çıxacaq və gözlənilən effekt tam əldə olunmayacaq.
Fikrimcə, Bakı üçün daha məqsədəuyğun model dövlət qurumlarının bir hissəsinin saat 08:00-da, digər hissəsinin 09:00-da, özəl sektorun müəyyən hissəsinin isə 10:00-da fəaliyyətə başlaması ola bilər.
Bununla yanaşı, mümkün olan sahələrdə hibrid və məsafədən iş rejiminin genişləndirilməsi də gur saatlarda nəqliyyat sıxlığını azalda bilər”.
Ekspert qeyd edib ki, bu yanaşmalar birlikdə tətbiq olunarsa, həm avtomobil yollarında, həm də ictimai nəqliyyatda sıxlıq azalacaq, insanların vaxt itkisi və yanacaq sərfiyyatı aşağı düşəcək, eyni zamanda atmosferə atılan zərərli tullantılar da azalacaq:
“Dəqiq olaraq nə qədər azalma olacağını yalnız Bakıya aid nəqliyyat modelləşdirilməsi və statistik təhlillər göstərə bilər.
Lakin dünya təcrübəsi onu deməyə əsas verir ki, iş saatlarının mərhələli təşkili və çevik iş rejimi yol şəbəkəsindən daha səmərəli istifadəyə imkan yaradır və tıxacların azaldılması istiqamətində real nəticə verə biləcək effektiv idarəetmə alətlərindən biridir”.
Gülər Həsənli
“Cebheinfo.az”
Açar sözlər: tıxac Adil Nəbiyev
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin