Bakıda tıxacın səbəbkarı: Bağlanan zavodlar

23.09.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlər paytaxtın "həll olunmaz" priobleminə çevrilən tıxaclarla bağlı davamlı müzakirələr aparılmasına baxmayaraq, hələlik real nəticə yoxdur.

Belə ki, yenə də paytaxt yollarında sonu görünməyən avtomobil "karvanı" davam edir. Marşrut avtobuslarda sərnişinlər saatlarla nə vaxt yolun açılacağını gözləyir. Saat 18:00-da işdən çıxan vətəndaşlar saat 20:00 – 21:00-da evə çatmalı olurlar. 

Problemdən çıxış yolu kimi müxtəlif təkliflər irəli sürülməsinə baxmayaraq, sanki müvafiq qurumlar mövcud durumuna məhəl qoymurlar, paytaxtın iflic vəziyyətini normal qəbul edirlər.    

Reallıq isə odur ki, Bakıda tıxacla bağlı hazırkı vəziyyətin yaranmasına bir sıra amillər səbəb olub. Həmin proseslərin sonunun bu cür nəticələnəcəyini isə mütəxəssislər əvvəlcədən görməli idilər.

Doğru tərtib olunmayan layihələrlə isə heç bir nəticə əldə etmək mümkün deyil. Məsələn, 20 Yanvar dairəsində tıxac problemi uzun illərdir ki, davam edir. Bu problemin həlli yolu kimi həmin ərazidə körpü salınmasına baxmayaraq, orada heç bir dəyişiklik müşahidə edilmir.

Hətta son günlər metro ilə bağlı baş verən dəyişiklik nəticəsində "M" saylı bir çox avtobusların da xəttə daxil olması ilə 20 Yanvar dairəsində dəhşətli mənzərə yaranıb.

Hazırda bu problemin həlli üçün Bakıdakı bir sıra ali təhsil ocaqlarının, idarə və müəssisələrin bölgələrə köçürülməsi təklif olunur.

Doğrudanmı universitetlərin bölgələrə köçürülməsi problemin qarşısını almağa kömək edəcək?

Bu barədə millət vəkili Ceyhun Məmmədov bildirib ki, Bakıdan universitetlərin köçürülməsi ilə bağlı məsələ hazırda aktual deyil.

Millət vəkili universitetlərin Bakıdan köçürülməsi ideyasını da dəstəkləmədiyini deyib.

Onun sözlərinə görə, universitet şəhərin mədəni, təhsil mühitini formalaşdırır:

"Məncə, Bakıda universitetlərə qəbulu azaltmalı, bölgələrdə isə artırmalıyıq. Məsələn, bir regional universitetin iki min tələbəsi varsa, bunu 5-6-7 minə çatdırmaq olar.

Qarabağ Universitetinin ciddi bir modeli var, o model barədə düşünməliyik və bu istiqamətdə addımlar atmalıyıq.

Yəni bölgələrimizdə universitetlərə qəbul artırılmalıdır. Eyni zamanda, bir sıra bölgəmizdə yeni universitetlər, yeni təhsil müəssisələri yaratmalıyıq”.

Deputat həmçinin vurğulayıb ki, Bakıda tıxacları aradan qaldırmaq üçün nəqliyyat sistemi təkmilləşdirilməlidir:

“Nəqliyyat sistemi ilə bağlı ciddi, ardıcıl addımlar atmalı, səylərimizi gücləndirməliyik ki, bu prosesə töhfə verə bilək. Biz bu işləri indi həyata keçirməsək, daha ciddi problemlər yaranacaq”.

Hazırda mövcud vəziyyət onu göstərir ki, universitetlərin də köçürülməsi ilə problem həll olunmayacaq.

Çünki bölgələrdəki universitetlərdə oxuyanlar da iş dalınca səhərə gələcəklər. Burada isə əsas önəmli amil bölgələrdə is yerlərinin olmasıdır ki, vətəndaşlar öz doğulduğu, illərlə yaşadığı kəndə, rayona qayıtsın.

Həmin bölgədə əhali işlə təmin edilməli, müxtəlif stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir. 

Sovet İttifaqının süqutu ərəfəsində (1989–1990-cı illər) Azərbaycanda fəaliyyət göstərən müxtəlif tipli sənaye müəssisələrinin sayı 1990-cı ilin əvvəlinə olan rəsmi statistikaya görə, ölkə üzrə ümumilikdə 3 min 839 olub. 

1970–1980-ci illərin sonuna qədər həyata keçirilən geniş sənayeləşmə siyasəti nəticəsində ölkədəki iri və orta sənaye müəssisələrinin sayı 1 048-ə çatdırılmışdı.

Bu müəssisələr əsasən neftçıxarma, neftayırma, kimya və neft-kimya, maşınqayırma, yüngül və yeyinti sənayesi sahələrini əhatə edirdi.

Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən, 2023-cü ildə sənaye müəssisələrinin sayı 4 691, 2024-cü ildə 5 355 vahid təşkil edib.

Maraq doğuran odur ki, Sovet dövründən fərqli olaraq ölkədə sənaye müəssisələrinin sayı artsa da, bölgələrdə iş yerlərinin olmaması səbəbindən vətəndaşlar Bakıya üz tutmalı olublar.

Bu bir faktdır ki, bölgələrdə Sovet dövründə mövcud olan zavod və fabriklərin bir çoxu fəaliyyətini dayandırıb.

Məsələn, Gəncə şəhərində Sovet dövründə Çini qablar zavodu vardı və orada 25 minə yaxın işçi çalışırdı. 1998-ci ildə Gəncə Çini qablar zavodu özəlləşdirilib. Hazırkı hüquqi varisi isə "Gəncə çini qablar" ASC olsa da, heç bir fəaliyyətini görmək mümkün deyil. 

Yaxud, Sovet dövründə (1969-cu ildən və əvvəllərdən) Tovuz konserv zavodu rayonun əsas sənaye müəssisələrindən biri olub və müxtəlif növ konserv məhsulları istehsal edib. 

Müəssisə uzun müddətdir ki, işləmir və fəaliyyətini dayandırıb. Halbuki bu zavodda yüzlərlə, hətta ətraf kəndlərdən belə, işçilər gəlib orada çalışırdı. Bu gün isə işsiz sakinlərin çox olduğu bölgələrdən biri, Tovuz rayonudur. 

Beləliklə, bu gün sənaye müəssisələrinin sayının ardığını statistik rəqəmlərdə görsək də reallıqda bağlanan zavod və fabriklərin fəaliyyətini yenidən bərpa etdiyini görmək mümkün deyil. 

Yerlərdə daha çox iş yerləri yaradılmadığı təqdirdə vətəndaşların iş dalınca paytaxta axını davam edəcək ki, nəticədə tıxala bağlı vəziyyəti həll etmək mümkün olmayacaq.  

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: tıxac Ceyhun Məmmədov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью