Bizim media saytına istinadən Icma.az xəbər verir.
Bakıda həkimlərin təcili tibbi müdaxiləsi 3 yaşlı uşağın həyatını xilas edib.
Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-in mətbuat katibi Nəzrin Adıgözəlzadə sosial şəbəkə hesabında paylaşım edib.
“Bu gün Xətai Təcili Tibbi Yardım Stansiyasına polis əməkdaşları tərəfindən 2023-cü il təvəllüdlü azyaşlı qız uşağı gətirilib.
Uşağın bədən hərarəti 38,6°C olub, ağciyərlər üzərində sərt tənəffüs eşidilib. Anasının verdiyi məlumata görə, səhər saat 05:00-dan etibarən uşağın qızdırması yüksəlib və qıcolmaları olub. Qızdırmanı salmaq məqsədilə ev şəraitində dərman verilsə də, hərarət düşməyib.
Xətai Post-Patrul Xidmətinin əməkdaşlarının köməyi ilə ana və uşaq Xətai Təcili Tibbi Yardım Stansiyasına çatdırılıb. Polis əməkdaşları ana və uşağı təcili yardım briqadasına təhvil verərək ərazidən ayrılıblar.
Təcili yardım həkimi Rəna Hacıyeva, feldşer Uğur Mirzəyev və stansiyanın tibb heyəti tərəfindən xəstə dərhal müayinə olunub və müvafiq tibbi yardım göstərilib. Tibbi müdaxilə zamanı uşaqda qıcolma tutması qeydə alınıb. Tibb heyətinin vaxtında və peşəkar müdaxiləsi, sürücü İlqar Babayevin isə operativ və təhlükəsiz nəqliyyatı təmin etməsi nəticəsində uşağın vəziyyəti stabilləşdirilib və o, müvafiq tibb müəssisəsinə təxliyə olunub.
Valideyinlər göstərilən operativ və keyfiyyətli tibbi yardıma görə təcili tibbi yardım briqadasına təşəkkürlərini bildiriblər”, - deyə paylaşımda qeyd olunub.
Bizim.Media