Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hazırda paytaxtda dana ətinin 1 kiloqramı 18-19, quzu əti isə 22-23 manata satılır.
Metbuat.az xəbər verir ki, sonuncu dəfə Qurban bayramı ərəfəsində qırmızı ətin qiymətində artım qeydə alınıb. Məhərrəm ayının başlaması ilə əlaqədar ən azı iki ay qiymətlərin sabit qalacağı proqnozlaşdırılır.
Müxbirimiz son günlər Bakıətrafı qəsəbələrdə fərqli tendensiya müşahidə edib. Yeni Ramana qəsəbəsində, Zabrat və Məhəmmədi kəndlərində bəzi mağazalarda dana əti 15-16, quzu əti isə 19-20 manata müştərilərə təklif olunur. Əməkdaşımız ərazidə yaşayan insanlarla bu barədə söhbət edəndə xoşagəlməz məqamlar üzə çıxıb. Məlum olub ki, bəzi qəssabxanalarda quzu əti adı ilə qoç və keçi əti satılır. 15-16 manata təklif olunan "dana əti" isə əslində inək və camış əti olur. "Ucuz ət" bazarında qoç, keçi, camış və inək əti ilə yanaşı, həm də xəstə heyvanların əti müştərilərə təklif olunur.
Sakinlər müxbirimizə deyiblər ki, qiymətə aldanıb aldıqları əti bəzən saatlarla qaynatmalı olurlar. Onlar ət satışı ilə məşğul olan həmin mağazalardan ikinci dəfə alış-veriş etmədiklərini bildiriblər. "Kənar şəxslər, xüsusilə yoldan ötüb keçən maşınların sürücü və sərnişinləri tez-tez həmin qəssabların "toruna" düşürlər", - Yeni Ramana sakini əməkdaşımızla söhbətində belə deyib.
Səbinə Hüseynzadə / Metbuat.az