Bakıda uşağın gözü şirniyyat yeməkdən xarab oldu Endokrinoloqdan xəbərdarlıq

02.02.2026

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Bakıda həddindən artıq şirniyyat qəbul edən uşaqda ciddi göz problemi qeydə alınıb. Bu barədə oftalmoloq dr. Rəvanə Həsənova məlumat verib. Onun sözlərinə görə, uzun müddət düzgün olmayan qidalanma uşağın göz sağlamlığına mənfi təsir göstərib və nəticədə gözlərdə qızartı, iltihabi proseslər və yaralar yaranıb. 
Həkim bildirib ki, bu kimi hallar əsasən sağlıqsız həyat tərzi, balanssız qidalanma və məsələyə məsuliyyətsiz yanaşma fonunda ortaya çıxır. Dr. Rəvanə Həsənova valideynləri uşaqların gündəlik qida rasionuna xüsusi diqqət yetirməyə, şirniyyatın normadan artıq istifadəsinin qarşısını almağa çağırıb.
Endokrinoloq Elçin Quliyev məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, şirniyyat gözə birbaşa təsir etmir:
“Amma həddindən artıq şəkərli qidalanma orqanizmdə bir çox dolayı problemlərə səbəb ola bilər. Çox şəkər yeyən uşaqda immun sistemi zəifləyə bilər. İmmunitet zəiflədikdə isə göz daha tez iltihablaşa bilər. Bu zaman gözdə qızartı, qaşınma, sulanma və hətta səthi zədələnmələr yarana bilər. Yəni səbəb birbaşa şirniyyat deyil, zəifləyən bədən müdafiəsidir. Həddindən artıq şəkər qanda qlükozanın səviyyəsini tez-tez yüksəldir. Bu vəziyyət damarları və xırda kapilyarları mənfi təsirləyə bilər. Göz çox xırda damarlarla zəngin orqandır. Ona görə də qidalanma pozğunluğu göz sağlamlığına da təsir göstərə bilər”.
O bildirib ki, şirniyyatı çox olan rasionda adətən vitamin və mineral az olur:
“Xüsusilə A vitamini göz üçün çox vacibdir. Uşaq tərəvəz, meyvə, yumurta, balıq kimi faydalı qidaları az yeyib, yerinə daha çox şirniyyat yeyirsə, zamanla göz səthinin qoruyucu təbəqəsi zəifləyə bilər. Bu da quruluq və qızartı yarada bilər. Bəzi uşaqlarda çox şəkər allergik reaksiyaları gücləndirə bilər. Allergiya fonunda gözlərdə qızartı və qaşınma olur. Uşaq gözü tez-tez ovuşduranda isə xırda yaralanmalar əmələ gələ bilər. Şirniyyatın başqa ziyanları da var. O, piylənmə riskini artırır. Dişləri çürüdür. Qanda şəkərin oynaq olmasına səbəb olur. Uşaq tez yorulur və diqqəti zəifləyir. Uzun müddətdə isə şəkərli diabet riskini yüksəldə bilər. Təkcə bir neçə dəfə şirniyyat yeməklə göz yarası yaranmaz. Amma uzun müddət çox və nəzarətsiz şirniyyat yemək orqanizmi zəiflədir. Bu zəifləmə fonunda göz də daxil olmaqla müxtəlif problemlər ortaya çıxa bilər. Uşaqlar üçün şirniyyat tam qadağan deyil. Amma ölçü çox vacibdir. Gündəlik rasionun əsasını normal ev yeməyi, tərəvəz, meyvə və zülallı qidalar təşkil etməlidir. Şirniyyat isə nadir və az miqdarda verilməlidir”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью